2024-05-29

Azərbaycanın Bolqarıstandakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Azərbaycanın Bolqarıstandakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixi, demokratik dövlət quruculuğu, qanunun aliliyinin səmərəli təmini və həyata keçirdiyi digər tədbirlər barədə ətraflı məlumat verib. O, həmçinin müasir Azərbaycan Respublikasının Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyası üzərində uğurla inkişaf etdiyini və Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutduğunu vurğulayıb. Səfir çıxışında çağdaş Azərbaycanın çoxsaylı beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüsçüsü və icraçısına çevrildiyinə, siyasi, iqtisadi və humanitar xarakterli qlobal platformalara ev sahibliyi etdiyinə diqqət çəkilməklə, regionda dayanıqlı güc və etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulayıb.

Habelə Qərb və Şərq mədəniyyətlərinin qovuşuğunda yerləşən, gözəl təbiəti, qədim tarixi, zəngin mədəniyyəti, qonaqpərvər insanları ilə tanınan Azərbaycanın etnik-dini müxtəlifliyi və zəngin tolerantlıq ənənələri ilə bütün dünya üçün nümunə olmasından bəhs edilib. Tədbirdə Azərbaycan xalq və klassik musiqi əsərləri səsləndirilib. Rəsmi qəbulda Bolqarıstan Respublikasının Nazirlər Kabinetinin və Prezident Administrasiyasının yüksəkvəzifəli nümayəndələri, Xalq Məclisinin üzvləri, müxtəlif dövlət qurumlarının rəhbərləri, Bolqarıstanın Baş müftisi, tanınmış ictimai-siyası, elm və mədəniyyət xadimləri, media qurumlarının rəhbərləri, iş adamları, diplomatik korpusun rəhbər nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbir yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.

Arxiv üzrə axtarış