В България се почитат жертвите на геноцида над Ходжали
Xocalı soyqırımının, qanlı qətliam barədə məlumatların Bolqarıstan ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın Bolqarıstandakı səfirliyinin qarşısında soyqırımı qurbanlarının xatirəsinə həsr olunan guşə yaradılıb.
Bolqarıstandakı Azərbaycan diasporu tərəfindən sözügedən guşə ziyarət edilərək Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb, guşənin qarşısına gül dəstələri düzülüb.
Səfirliyin inzibati binasının divarlarına Ermənistan tərəfindən Xocalı şəhərində törədilən vəhşilikləri əks etdirən şəkillər yerləşdirilib.
Guşə, həmçinin Bolqarıstanın nüfuzlu televiziya kanallarından olan “Eurocom” televiziya kanalının əməkdaşları tərəfindən ziyarət olunub. Sözügedən kanalın “Xəbərlər” proqramında soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş guşə ilə bağlı videoreportaj efirə gedib. Reportaj çərçivəsində səfirliyin əməkdaşı Fərid Məmmədovun müsahibəsi yayımlanıb. Müsahibə televiziya kanalında efirə verilməklə yanaşı, kanalın internet səhifəsində də işıqlandırılıb.
Müsahibədə Xocalı soyqırımı barədə ətraflı məlumat verilib. Bildirilib ki, 29 il bundan öncə, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ ordusunun əsasən ermənilərdən ibarət 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə xaincəsinə hücum edib və dinc sakinlər qəddarcasına qətlə yetirilib. Soyqırımı nəticəsində 613 günahsız azərbaycanlı öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi naməlumdur. 8 ailə tamamilə məhv edilib, 130 uşaq bir valideyni, 25 uşağın isə hər iki valideynini itirib.
Həmçinin bildirilib ki, Azərbaycan ötən il işğal altında olan torpaqlarını azad edib. Xocalıda olduğu kimi, Vətən müharibəsi dövründə də Ermənistanın dinc sakinləri hədəf aldığı və nəticədə uşaqlar da daxil olmaqla, çoxlu sayda mülki azərbaycanlının qətlə yetirildiyi və yaralandığı diqqətə çatdırılıb. Həm Xocalı soyqırımını, həm də son müharibə cinayətlərini törədənlərin hələ də cəzasız qaldıqları qeyd olunub.
Qeyd edək ki, Sofiya şəhərindəki “Banya Başı” məscidində Xocalı şəhidlərinin ruhuna “Qurani-Kərim” oxunub, dualar edilib, səfirliyin təşkilatçılığı və Bolqarıstan Müsəlmanları Diyanəti Baş Müftiliyinin dəstəyi ilə məscidə ibadətə gələnlərə ehsan verilib.