- Bolqarıstan gömrükçüləri ölkəyə daxil olan və tərk edən zaman bütün növ nəqliyyat vasitələrində axtarışlar aparmaq hüququna malikdir;
- Bolqarıstana daxil olan və tərk edən zaman xarici ölkə vətəndaşları 10 min avroyadək və ya ona müqabil məbləğdə pulu (maksimum 9999 avro) yazılı bəyan etmədən keçirmək hüququna malikdir;
- Ölkəyə gətirilən pulun miqdarı 10 min avro və ondan yuxarı (və ya ona müqabil digər valyuta) olduqda, yazılı olaraq bəyan edilməlidir. Bəyannamənin olmaması halında, Aİ qanunvericiliyinə uyğun olaraq, bütün pullar Bolqarıstan gömrük orqanları tərəfindən müsadirə olunur (Qeyd:Müsadirə olunmuş pulların hər hansı bir şəkildə geri qaytarılması mümkün deyil).
Bolqarıstan Cinayət Məcəlləsinin 251-ci maddəsinə əsasən elan edilməyən nağd pul məbləği ilə bağlı şəxslər cərimə və həbs cəzası da daxil olmaqla, cinayət məsuliyyətinə cəlb oluna bilər.
- Vətəndaşın üzərində 10 min avrodan çox nağd pul olduğu təqdirdə, bəyan ediləcək pulun mənbəyi və istifadə məqsədi, pulun daşınacağı marşrut və nəqliyyat vasitəsi göstərilməklə gömrük bəyannaməsi doldurulmalı və “Qırmızı Keçid Yoluna” daxil olunmalıdır;
- Bolqarıstana gətirilərkən gömrükdə yazılı bəyan olunmuş valyuta ölkəni tərk edən zaman yenidən bəyan edilərək çıxarılmalıdır;
- Sərhəd-gömrük keçid məntəqələrindəki “Gömrük Valyuta Bəyannaməsi” ingilis, fransız, alman, türk və ya rus dilində doldurulura bilər.
Bolqarıstandan sərnişin ilə bərabər tranzit keçirilə bilən, keçirilməyən, həmçinin bəyan edilməsi məcburi olan əşyalar
Vətəndaşlarımız tərəfindən üzərində daşıdıqları zinət əşyaları, o cümlədən aşağıda göstərilən qızıl, platin, gümüş və digər qiymətli daş və məmulatlar Bolqarıstana giriş və çıxışda gömrüklərdə “yazılı” olaraq bəyan edilməlidir:
- Çəkisi 37 qramdan artıq olan işlənmiş/işlənməmiş sikkə formasında qızıl və platin;
- Vətəndaşların üzərilərində daşıdıqları da daxil olmaqla, çəkisi 60 qramdan artıq qızıl və platin tərkibli aksessuarlar;
- Çəkisi 300 qramdan artıq işlənmiş, yarı işlənmiş və ya sikkə formasında olan gümüş tərkibli bəzək əşyaları və aksessuarlar;
- Yuxarıda qeyd olunmayan digər qiymətli daş və metallar.
Silah-sursat, zəhərli, təsirli və partlayıcı maddələr, narkotik vasitələr, psixotrop maddələr, mühafizə altında olan bitki və heyvan növləri, sənət əsərləri və antikvar dəyəri olan hər cür əşyaların Bolqarıstana gətirilməsi qadağandır.
Bolqarıstan gömrük orqanları tərəfindən cərimə protokolu tərtib olunaraq müsadirə olunmuş əşyalarla (qızıl, gümüş, nağd pul və s.) əlaqədar vətəndaşlar 3 gün ərzində etiraz etmək hüququna malikdir. Bununla bağlı ödəniş edilməklə vəkil tutula və məhkəməyə müraciət oluna bilər.
Aşağıda qeyd olunan mallar rüsumsuz Bolqarıstana gətirilə bilər:
- Tündlüyü 22% və ya artıq olan 1 litr spirtli içki və ya 2 litr şərab;
- 2 qutu (40/50 ədəd) siqaret;
- 500 qram qəhvə və ya qəhvə ekstraktı;
- 100 qram çay və ya 40 qram çay ekstraktı;
- 50 qram ətir və 250 qram eau de toilette;
- Müalicə məqsədilə gətirilən dərmanlar gömrükdən rüsumsuz keçirilir. Bu halda müvafiq resept təqdim olunmalıdır.
Yuxarıda göstərilən miqdardan artıq mallar üçün gömrük rüsumu ödənilməlidir.
“Methadone” adlı dərmanı istifadə edən xəstələr Beynəlxalq Narkotik Nəzarət Orqanının (INCB) saytında (www.incb.org) qeyd olunmuş meyarlara riayət etməli, Bolqarıstana girən zaman ölkəyə giriş-çıxış tarixləri və pasport məlumatlarını məsul gömrük xidməti əməkdaşlarına bildirməli, 15 gündən artıq qalacaq xəstələr isə müalicələrinin davamı üçün maddə asılılığı müalicə mərkəzlərinə müraciət etməlidir.
Digər gömrük tələbləri və rüsumlar, həmçinin ev heyvanlarının Bolqarıstana gətirilməsi ilə bağlı sanitar qaydalar barədə məlumat buradan əldə oluna bilər.