Pasport

“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.

Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.

Vətəndaş pasportunu Bolqarıstanda itirdikdə Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin konsulluq şöbəsinə dərhal məlumat verməlidir. Konsulluq şöbəsi bu vətəndaşı qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edir.

“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, Bolqarıstanda müvəqqəti və daimi yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında fərdi olaraq hazırlanmaqla, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin konsulluq şöbəsi tərəfindən verilir. Bu məqsədlə konsulluq şöbəsi ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədləri qəbul edir.

 

Etibarlılıq müddəti

 

Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün 1 illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 3 illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 5 illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə 10 illik müddətə verilir.

 

Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:

 

  1. Vətəndaşın ərizəsi (vəsatət) – 18 yaşına çatmış vətəndaşın özü, 15-18 yaşlarındakı vətəndaşın özü və həmçinin valideynlərindən biri yaxud qanuni nümayəndəsi, 15 yaşı tamam olmamış vətəndaşların isə yalnız valideynlərindən biri yaxud qanuni nümayəndəsi  tərəfindən doldurulur.
  2. ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi
  3. dövlət rüsumunun ödənilməsi barədə sənəd
  4. 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı
  5. 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə ─ doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış. 

 

Dövlət rüsumu

 

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.1.1-ci maddəsinə əsasən, ümumvətəndaş pasportuna dair sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 ABŞ dolları məbləğində dövlət rüsumu alınır. Məbləğ Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin aşağıdakı bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin konsulluq şöbəsinə təqdim edilməlidir.

 

BANK:   FIBANK

IBAN №: BG83FINV91501004553912

 

Aşağıda qeyd olunan pasport rüsumu isə, vətəndaşın yaşına uyğun olaraq, ya onlayn və ya da ərizəçinin qohumu/nümayəndəsi tərəfindən şəxsən ASAN Xidmət mərkəzlərində və ya Azərbaycanda Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ödənilməli və ödəniş haqqında qəbzin surəti digər sənədlərlə birlikdə Səfirliyin konsulluq şöbəsinə təqdim edilməlidir:

 

1 yaşınadək uşaqlar üçün                                                               15 manat

1 yaşından 3 yaşınadək uşaqlar üçün                                               25 manat

3 yaşından 18 yaşınadək uşaqlar üçün                                             35 manat

18 yaşına çatmış vətəndaşlara                                                        60 manat



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti