Bolqarıstana səfər edən vətəndaşların diqqətinə
Bolqarıstana səfər edən vətəndaşların diqqətinə
Viza rejimi və yaşama icazəsi

Azərbaycan Respublikasının ümumvətəndaş (adi) pasportuna malik olan şəxslər Bolqarıstana səfər etmək üçün viza almalıdırlar. 31 mart 2024-cü il tarixindən etibarən Bolqarıstan bütün Şengen zonasında etibarlı olan vahid (Şengen) vizalar verir ki, bu viza sahiblərinə Şengen zonası üzrə qısa müddətə - istənilən 180 gün ərzində 90 gündən çox olmayan müddət ərzində səyahətə icazə verir.

Şengen zonasında qısamüddətli qalma (istənilən 180 gün ərzində maksimum 90 gün) Bolqarıstan Respublikası da daxil olmaqla Şengen ərazisinə ilk daxil olduğu gündən hesablanır.

Azərbaycan vətəndaşları Şengen vizası üçün müraciət edərkən aşağıdakı məqama diqqət yetirməlidirlər:

Azərbaycan vətəndaşları ən uzun müddət qalacaqları Avropa İttifaqı ölkəsinin Azərbaycandakı səfirliyinə müraciət etməlidirlər. Əgər onlar Bolqarıstana, daha sonra isə digər Şengen ölkələrinə səfər edib orada qalmağı planlaşdırırlarsa, hansı ölkədə ən uzun müddət qalacaqlarsa o ölkənin Azərbaycandakı səfirliyindən Şengen vizası almalıdırlar. Məsələn, Bolqarıstan və Rumıniyada ümumilikdə 5 gün qalmalıdırlarsa, Bolqarıstanın Bakıdakı səfirliyinə müraciət etsələr 3 gün Bolqarıstanda, 2 gün Rumıniyada qalmalıdırlar. Bir neçə Avropa İttifaqı ölkəsinə səfər etdikləri təqdirdə bu ölkələrdə qalacaqları müddət bərabərdirsə, onda ilk daxil olacaqları ölkənin Azərbaycandakı səfirliyindən viza almalıdırlar. Vətəndaşlar bu qaydanı nəzərə alaraq səyahətləri ilə əlaqədar sübutedici sənədləri (bilet, mehmanxana sifarişi və s.) səfirliyə təqdim etməlidirlər.

Bolqarıstan vizası almaq istəyən Azərbaycan vətəndaşının pasportunun etibarlılığı Bolqarıstan ərazisini tərk edəcəyi tarixdən ən azı 3 ay artıq olmalı, pasportda viza məqsədləri üçün ən azı 2 boş səhifə yer qalmalı və passport son 10 il ərzində verilmiş olmalıdır.

Bolqarıstana səfər etmək üçün viza almaq istəyən Azərbaycan vətəndaşları Bolqarıstanın Azərbaycandakı Səfirliyinin Konsulluq şöbəsinə müraciət etməlidirlər. Konsulluq şöbəsi haqqında məlumat aşağıdakı kimidir:

https://www.mfa.bg/en/embassies/azerbaidzan/344

Telefon: +994 51 225 74 71

E-mail: visa.baku@mfa.bg

Qəbul vaxtları: Bazar ertəsi - Cümə: 10.30 - 13.00

Səfirliyin Konsulluq şöbəsinə vətəndaş qəbulu üçün əvvəlcədən görüş vaxtının təyin edilməsi tələb olunur.

Bolqarıstan üçün viza ilə bağlı ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

https://www.mfa.bg/en/services-travel/consular-services/travel-bulgaria/visa-bulgaria

Viza aldıqdan sonra Bolqarıstana səfər edən vətəndaşlar aşağıdakılara diqqət yetirməlidirlər:

 

Viza vətəndaşın Bolqarıstana girişi üçün kifayət deyil, belə ki viza ilə yanaşı digər səyahət sənədləri – bilet(lər), mehmanxana sifarişləri, və s. düzgün tərtib edilməli, əgər Bolqarıstandan sonra başqa ölkələrə də səfər ediləcəksə həmin ölkələrə səyahətlə bağlı sənədlər də ziddiyyətli olmamalıdır. Əks təqdirdə sənədlərə baxış keçirən Bolqarıstanın sərhəd və miqrasiya xidməti əməkdaşlarında belə təəssürat yaranır ki vətəndaşın əsl məqsədi Bolqarıstana səfər etmək yox, digər ölkələrə miqrasiya etməkdir. Çünki qanuna görə vətəndaş Bolqarıstanın Şengen vizasını almışsa ən çox müddət bu ölkədə qalmalıdır, yəni səfər əsasən Bolqarıstanla bağlı olmalıdır. Bu halda vətəndaş Şengen qanunvericiliyini pozma səbəbilə ölkəyə buraxılmayıb geri qaytarıla bilər.      

Ölkəyə səfər edərkən bütün şəxslər pasport və sənədlərinin etibarlılıq müddətini nəzərdən keçirilməli, Aİ üzvü ölkələrdən müvəqqəti və daimi yaşamaq icazəsi almış vətəndaşlar həmin sənədləri üzərlərində daşımalıdır. Müvəqqəti və daimi yaşama icazələri, həmçinin vizalar mütləq etibarlı pasporta əsaslanmalıdır.

Bolqarıstan qanunvericiliyinə əsasən 31 yanvar 2012-ci il tarixindən etibarən Şenqen bölgəsinə üzv və ya Şenqen prosedurunu tətbiq edən ölkələrdə müvəqqəti  və ya daimi əsasda yaşayan, həmçinin həmin ölkələrdən uzun müddətli yaşama məqsədli viza (D kateqoriya) alan şəxslər hər 180 gün ərzində 90 gündən artıq olmamaqla ölkə ərazisinə daxil ola və yaşaya bilərlər.

2014-cü ilin 1 sentyabr tarixində qüvvəyə minmiş “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş”ə əsasən Avropa İttifaqı üzv ölkələri və Azərbaycan Respublikası vətəndaşlarına hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətə vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi qərarlaşdırılmışdır. Sazişin şərtləri barədə ətraflı məlumat buradan əldə oluna bilər.

Qeyd: Diplomatik və xidməti pasporta malik Azərbaycan vətəndaşları Bolqarıstana vizasız səyahət edə və hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə burada qala bilərlər.

 

Müvəqqəti və ya daimi yaşama icazəsi

 

Azərbaycan vətəndaşları Bolqarıstanda 90 gündən artıq yaşadıqda bu ölkənin miqrasiya qurumlarına müraciət edərək, qalma məqsədlərinə müvafiq yaşama icazəsi əldə etməlidirlər. Ailə qurmaq, əmək, biznes, təhsil və s. səbəblərdən Bolqarıstanda uzun müddət yaşamaq istəyən Azərbaycan vətəndaşları mütləq Bolqarıstanın onların yaşadığı ölkədə yerləşən səfirliyindən “D” kateqoriyalı uzunmüddətli viza alıb Bolqarıstana gəlməli, daha sonra isə Bolqarıstanın miqrasiya orqanlarına müraciət edərək müvafiq uzunmüddətli yaşama icazəsi (uzadılmış (prolonged) – 1 illik, uzunmüddətli (long-term) – 5 illik və daimi (permanent) – 5 illik) almalıdırlar. Hər bir yaşama icazəsi növünün Bolqarıstan qanunvericiliyində əsasları vardır ki bunu dəqiqləşdirmək üçün Bolqarıstan DİN-in Miqrasiya direktorluğuna (https://migration.bg/en/) müraciət etmək mümkündür.   



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti