Bolqarıstana səfər edən vətəndaşların diqqətinə
Bolqarıstana səfər edən vətəndaşların diqqətinə
Marşrutlar və sərhəd keçid məntəqələri

 

Bolqarıstana səfər edəcək və ölkədən tranzit keçəcək vətəndaşlar aşağıdakı marşrutlardan istifadə edə bilərlər:

 

  • Kapıkule-Kapitan Andreevo sərhəd keçid məntəqəsi - Türkiyə vasitəsilə Bolqarıstana gələcək və geri qayıdacaq vətəndaşlar əsasən bu sərhəd keçid məntəqəsindən istifadə edə bilərlər. Yaz aylarında Kapıkule-Kapitan Andreevo sərhəd keçid məntəqəsində sıxlığn olması ilə bağlı Bolqarıstan hüquq-mühafizə orqanları (yol polisi) sürücüləri Lesovo – Hamzabeyli sərhəd keçid məntəqəsinə yönləndirə bilər.
  • Rumıniya yolu ilə Bolqarıstana giriş-çıxış edəcək vətəndaşlar iki əsas marşrutdan - Ruse (Bolqarıstan) - Giurgiu (Rumıniya) və Vidin (Bolqarıstan) - Kalafat (Rumıniya) marşrutlarından istifadə edə bilər. Dunay çayı üzərində yerləşən Ruse (Bolqarıstan) - Giurgiu (Rumıniya) sərhəd keçid məntəqəsində mövcud körpünün potensialının kifayət etməməsi nəqliyyatda tıxac və yubanmalara səbəb ola bilər. Vidin (Bolqarıstan) - Kalafat (Rumıniya) sərhəd keçid məntəqəsində körpü ilə yanaşı bərələr də fəaliyyət göstərir. Lakin bərələrin kifayət etmədiyi hallarda sərhəd qapısında yubanmalar baş verə bilər.
  • Serbiya yolu ilə Bolqarıstana giriş-çıxış edəcək vətəndaşlar əsasən Kalotina (Bolqarıstan) - Dimitrovqrad (Serbiya) sərhəd keçid məntəqəsindən istifadə edə bilər.

Bolqarıstandan tranzit keçəcək vətəndaşların marşrutlarını müəyyən edərkən diqqətli olmaları və yüksək sürətdən yayınmaları tövsiyə olunur.

Bolqarıstandan avtomobil yolu ilə tranzit keçəcək vətəndaşların təhlükəsizlik baxımından aşağıdakıları nəzərə almaları faydalıdır:

  • Gündüz vaxtı səyahət edilməsi;
  • Marşrut olaraq magistral və əsas yolların seçilməsi;
  • Nəqliyyat hadisəsi baş verdikdə dərhal polisə müraciət edilməsi və polis tərəfindən protokolun tərtib olunması;
  • Müvəqqəti qalma hallarında nəqliyyat vasitələrinin mühafizə olunan dayanacaqlarda və ya qapalı qarajı olan mehmanxanalarda saxlanılması.

Qeyd: Nadir hallarda Bolqarıstanda nəqliyyat vasitələrinin oğurlanması halları baş verir. Belə hallarda qısa zaman ərzində polisə müraciət olunmalıdır. Bolqarıstanda bir müddət qalmağı planlaşdıran vətəndaşların nəqliyyat sığortasını Bolqarıstanı əhatə edəcək formada bağlamaları məqsədəuyğundur.

 

Yol Yardım Xidməti

 

Sofiya şəhərində 24 saat texniki xidmət verən Yol Yardım Xidməti (Съюз на българските автомобилисти (SBA) fəaliyyət göstərir (telefon: +359 2 91146 və qısa nömrə 146). Adətən məlumatın verilməsindən 30 dəqiqə ərzində texniki yardım vasitəsi lazımi təyinat yerinə çatır.

Bolqarıstanda yalnız üzərində sabit işığı olan rəsmi polis avtomobillərinin yoxlama və nəzarət məqsədli nəqliyyat vasitələrini dayandırmaq səlahiyyəti var. Bu vasitələrin üzərində ayrıca polis olduğunu göstərən yazı və maşın nömrəsi qeyd olunur. Digər vasitələrin nəqliyyat vasitələrini dayandırmaq səlahiyyəti yoxdur. Sərhəd keçid məntəqələrində həmçinin təhlükəsizlik tədbirləri, dayanacaqlar, polis vasitələri, işarələri, faydalı telefon nömrələri, polisin hansı hallarda vasitələri dayandırmaq hüququnun olması barədə ətraflı məlumat verən ingilis, alman və türk dillərində məlumat kitabçaları mövcuddur.

 

Nəqliyyat qaydalarına dair

 

Bolqarıstanda bütün nəqliyyat vasitələri üçün “Vinyet” adı verilən pul sistemi tətbiq olunur. Hazırda, Bolqarıstan magistral yolları üçün yol keçid markalarının (vinyet) satışı və yoxlanışı onlayn rejimdə aparılır. 17 dekabr 2018-ci il tarixindən etibarən satışına başlanılmış e-vinyetlər 1 yanvar 2019 tarixindən etibarən tətbiq olunur. Bu səbəbdən Bolqarıstan vasitəsilə Avropa ölkələrinə səfər edəcək və geri dönəcək sürücülər artıq internet və ya mobil proqram vasitələrlə sözügedən e-vinyetləri təmin etməlidir.

Dövlət rəsmiləri tərəfindən mediaya verilən məlumatda yeni sistem vasitəsilə nəzarətin asanlaşdırılmasının hədəfləndiyi və e-vinyetlərin yoxlamasının avtomatik nömrə oxuyucu kameralar hesabına təmin ediləcəyi bildirilmişdir. Yoxlamalar üçün 300 sabit və 105 mobil kameradan istifadə olunacaq, cərimələr isə yerində yalnız bank kartı vasitəsilə və ya sərhəd keçid məntəqələrində nəğd olaraq ödənilməlidir. Məlumatlarda vinyetsiz idarə olunmaya görə sürücülərin nəqliyyat vasitəsinin ağırlığına müvafiq olaraq 35-90 avroya müqabil məbləğdə cərimə olunacaqları bildirilmişdir.

Nəqliyyat vasitələrinin sahibləri e-vinyetləri bgtoll.bg saytı və ya mobil proqram vasitəsilə əldə edə və Bolqarıstana daxilolma tarixinə görə onları aktivləşdirə bilərlər. Əgər sürücü öncədən kağız vinyet alıblarsa və onun müddəti 1 yanvar 2019-cu il tarixdən sonrakı dövrü əhatə edirsə, sürücü həmin vinyeti qüvvədə olma müddəti başa çatanadək istifadə edə bilər.

Bolqarıstanın “Quru yolları Qanun”una edilmiş sonuncu dəyişikliklərdə bəzi yol hərəkəti pozuntuları zamanı həm sürücülük vəsiqələrinə cərimələrin tətbiq edilməsi, həm də nəqliyyat vasitələrinin ölkə ərazisindəki hərəkətinin məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Sözügedən qanuna əsasən, sıxlıqla təkrarlanan bəzi yol hərəkəti pozuntularına görə aşağıdakı cəza və cərimələrin tətbiq edilməsi nəzərdə tutulmuşdur: 

  • Avtomobilin sürücülük vəsiqəsi olmadan və ya etibarsız sürücü sənədi ilə idarə edildiyi aşkar olunduqda, cərimə ilə yanaşı istifadə olunan nəqliyyat vasitəsinin 6 aydan 1 ilədək sürücülük hüququndan məhrum edilməsi
  • Qanında 0,5/1000 səviyyənin üzərində spirt müəyyən olunan və ya spirt testinin aparılmasından imtina edən şəxslər üçün cərimənin tətbiq olunması və sürücülük vəsiqəsinin müəyyən müddət üçün müsadirə olunması, həmçinin istifadə olunan nəqliyyat vasitəsinin 6 aydan 1 ilədək sürücülük hüququndan məhrum edilməsi;

Eyni zamanda, xüsusilə yük daşınması ilə məşğul olan beynəlxalq avtomobil nəqliyyatı (TİR) sürücülərinin Bolqarıstanda tətbiq edilən müvəqqəti məhdudiyyətlərə diqqət yetirmələri çox vacibdir. Belə ki, Bolqarıstanda adətən bayram tətili, yaz fəsli və ya yol təmiri zamanı 12 ton və daha çox çəkiyə malik avtomobillər üçün günün müəyyən saatlarında səyahət qadağaları tətbiq edilir. Müvəqqəti rejim barədə Bolqarıstan Respublikası Regional İnkişaf və İctimai İşlər Nazirliyinin Yol İnfrastruktur Agentliyinin veb saytında (http://www.api.bg/index.php/en) müvafiq məlumat dərc olunur. Bu vasitə ilə yollarda tətbiq olunan “12 tondan ağır vasitələrin girməsi qadağandır” yol nişanları barədə xəbərdarlıq yayımlanır və alternativ marşrutlar barədə məlumat verilərək nəzərə alınması sürücülərdən xahiş olunur.

Təsbit olunanlar halların pozulması ilə bağlı “Quru yolları Qanun”u sürücünün 300 lev  (təxminən 150 avro) məbləğində cərimə olunmasını, sürücülük vəsiqəsinin 1 ay müddətinə müsadirə olunmasını və avtomobilin 1 ay müddətinə sürücülük hüququndan məhrum edilməsini nəzərdə tutur.

Həmçinin, Bolqarıstanda 6 aydan artıq yaşayan vətəndaşlarımızın sürücülük vəsiqələrini Bolqarıstan sürücülük sənədi ilə əvəz etmək hüququ yaranır, 1 il yaşayan vətəndaşlar üçün isə bu məcburidir.

Bolqarıstanda spirtli içki limiti 0,5/1000-dir. Bu tələbin pozulması halında 6-12 ay müddətinə sürücülük hüququ məhdudlaşdırıla, müvafiq olaraq 500-1000 lev məbləğində cərimə tətbiq oluna bilər. İkinci dəfə eyni pozuntunun baş verməsi halında sürücülərin 1-3 il müddətində sürücülük hüququ məhdudlaşdırıla və 1000-2000 lev məbləğində cərimə tətbiq oluna bilər.

Şəhərdaxili sürət həddinin pozulmasına görə cərimələr:

  • 10 km/saat üçün 20 lev;
  • 11-20 km/saat üçün 50 lev;
  • 21-30 km/saat üçün 100 lev;
  • 31-40 km/saat üçün 400 lev;
  • 40-50 km/saat üçün 600 lev;
  • 50 km/saatdan yuxarı üçün 3 ay müddətinə sürücülük vəsiqəsi müsadirə olunur və 700 lev cərimə yazılır və hər 5 km/saat üçün əlavə 50 lev cərimə hesablanır.

Şəhərdən kənar sürət həddinin pozulmasına görə cərimələr:

  • 10 km/saat üçün 20 lev;
  • 11-20 km/saat üçün 50 lev;
  • 21-30 km/saat üçün 100 lev;
  • 31-40 km/saat üçün 300 lev;
  • 41-50 km/saat üçün 400 lev;
  • 50 km/saatdan yuxarı üçün 600 lev cərimə yazılır və hər 5 km/saat üçün əlavə 50 lev cərimə hesablanır.

Nəqliyyat vasitəsinin istifadəsi zamanı mobil telefondan istifadə və işıqforun qırmızı işığında keçməyə görə 50 lev məbləğində cərimə tətbiq olunur. Bolqarıstanda hərəkət halında olan bütün avtomobillərin ön işıqlarının açıq (yanılı) saxlanılması məcburidir. Cərimələr barədə ətraflı məlumat buradan əldə oluna bilinər.

Bolqarıstan Cinayət Məcəlləsinin 301-ci maddəsinə görə rəsmi vəzifəli şəxslərin rüşvət alması cinayətdir. Eyni zamanda rüşvət vermək də cinayət hesab olunur. Rüşvət tələbi ilə qarşılaşan xarici ölkə vətəndaşları +359 2 982 22 22 nömrəsinə və ya 112 xəttinə zəng edərək şikayət edə bilərlər. Sərhəd keçid məntəqələrində şikayət telefonlarını göstərən lövhələr mövcuddur. Həmçinin şikayətlərin yazılı olaraq çatdırılması üçün poçt qutuları da var.

 

Avtomagistrallarda gözlənilən qaydalar

 

Avtomagistrallarda ağ rəngli və üzərində bölgə nömrələri olan polis avtomobillərindən başqa digər hüquq-mühafizə orqanlarının cərimə tətbiq etmək hüququ yoxdur. Həmçinin, yol polislərinin cərimə üçün pul qəbul etmək səlahiyyətləri yoxdur. Cərimələr ölkədən çıxarkən sərhəd keçid məntəqələrində və Yol Şöbə Stansiyalarında (KAT) ödənilir.

 

Ölkəyə giriş üçün avtomobillərə qoyulan tələblər və sığorta zərurəti

 

Bolqarıstan vasitəsilə səyahət edəcək şəxslərdən avtomobilin onların adına olması tələb olunur. Əgər avtomobil başqa şəxsin mülkiyyətidirsə vəkalətnamə olmalıdır. Ölkədən tranzit keçəcək nəqliyyat vasitələrinin buraxılış ili ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Qərbi Avropada rezident olan şəxslərin nəqliyyat vasitələri üçün bağladıqları beynəlxalq nəqliyyat sığortası (yaşıl kart) Bolqarıstanda da qəbul olunur. Beynəlxalq nəqliyyat sığortası olmayan vətəndaşlar Bolqarıstana girişdə, sərhəd keçid məntəqələrində nəqliyyat sığortası əldə etməlidirlər.

 

Həbs cəzası nəzərdə tutan yol hərəkatı pozuntuları

 

Bolqarıstan qanunlarına əsasən ölüm və xəsarətlə nəticələnən yol qəzalarına səbəb olan şəxslər həbs cəzasına məhkum edilir.

Ölüm və yaralanma ilə nəticələnməyən yol qəzalarında, qəzaya səbəb şəxslərin nəqliyyat sığortalarının olub-olmamasına baxılır, nəticədə polis tərəfindən bir qəza protokolu tərtib olunur və ekspertin hazırladığı qəza aşkar protokoluna əsasən lazımi kompensasiyanın ödənilməsi sığortadan tələb olunur.

Ölüm və yaralanma ilə nəticələnən yol qəzalarında isə qəzaya səbəb olan şəxslər nəzarət altına alınaraq istintaq başladılır və proses məhkəmədə davam edir. İstər istintaq, istərsə də məhkəmə zamanı, qazanın miqyasına görə müvafiq şəxslər şərti və ya girovsuz olaraq sərbəst buraxıla bilər, ancaq pasportları təhvil alınaraq ölkədən çıxmalarına icazə verilmir. Ölüm baş verən yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatanadək nəqliyyat vasitəsinin Bolqarıstan ərazisini tərk etməsinə icazə verilmir.

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti