Yüksəkixtisaslı Miqrant Proqramı (bundan sonra Proqram) Azərbaycan Respublikası Prezidentinin “Yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında’’ 2024-cü il 6 iyun tarixli 156 nömrəli Sərəncamı (bundan sonra Sərəncam) ilə təsis edilm'şdir. Proqramın əsas məqsədi müasir tələblərə cavab verən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında işləməsinin təşviqi, onların bilik və bacarıqlarının ölkənin sosial-iqtisadi inkişafına istiqamətləndirilməsi, habelə bu sahədə çevik idarəetmə və əlaqələndirmə mexanizminin formalaşdırılması, yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsindən ibarətdir.
Sözügedən Proqram iştirakçılarının müraciətlərinin qəbulunu və cavablandırılmasının “bir pəncərə” prinsipi əsasında təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Yüksəkixtisaslı Miqrant Portalı (bundan sonra Portal) istifadəyə verilmişdir. Portal www.pass.gov.az ünvanı ilə istifadəçilərə təqdim olunur. Proqramın əsas xidmət kanalı olan Portal daha geniş auditoriyaya xidmət göstərmək məqsədilə dörd dildə - Azərbaycan, rus. türk və ingilis dillərində fəaliyyət göstərir. Adıçəkilən Portal həmçinin yüksəkixtisaslı miqrantların razılığı əsasında onların peşəkar profillərinin paylaşılmasını təmin etməklə, işəgötürənlərin ehtiyaclarına uyğun kadrların daha operativ şəkildə tapılmasına şərait yaradır.
Sərəncamın 2.2-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 aprel tarixli 99 nömrəli Qərarı ilə şəxsin yüksəkixtisaslı miqrant hesab edilməsi üzrə icraat qaydası, prosesdə iştirak edən qurumlar, qiymətləndirmə meyarları və meyarlar üzrə bal hədlərini müəyyən edən “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası” və “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları” təsdiq edilmişdir. Adıçəkilən sənədlərə əsasən şəxsin yüksəkixtisaslı miqrant hesab edilməsi prosesində iştirak edən qurumlar, qiymətləndirmə meyarları və meyarlar üzrə bal hədləri aşağıdakı cədvəldə göstərilmişdir:
|
Meyarlar |
Qiymətləndirilir (bal ilə) |
Qiymətləndirən qurum |
|
Mütəxəssis olduğu sahədə təcrübəsi |
0-35 |
əcnəbinin mütəxəssis olduğu sahədə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən dövlət orqanı (qurumu)
|
|
ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri ilə uyğunluğu |
0-20 |
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi |
|
Təhsili |
0-15 |
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
|
|
Maliyyə təminatı |
0-15 |
Azərbaycan Respublikasının |
|
|
|
Dövlət Miqrasiya Xidməti |
|
Daxili əmək bazarına müsbət təsiri |
0-10 |
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
|
Xarici dil bilikləri |
0-5 |
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
|
Yüksəkixtisaslı Miqrant Proqramı çərçivəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab edilməsi qeyd olunan meyarlar üzrə səlahiyyətli dövlət qurumları tərəfindən qiymətləndirilir, sonda isə ballar toplanaraq yekun bal çıxarılır. Qiymətləndirmə nəticəsində mümkün 100 baldan 70-ni toplamış şəxs barədə aidiyyəti dövlət orqanlarının müsbət rəyi olduqda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yüksəkixtisaslı miqrant hesab olunur.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunması elektron sənədlə rəsmiləşdirilir, əcnəbinin elektron kabinetinə və elektron poçt ünvanına bildiriş göndərilməklə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron sənədi əldə etməsi imkanı təmin olunur.
Elektron sənəd 5 (beş) il müddətinə verilir. Bu müddət başa çatdıqda, yüksəkixtisaslı miqrartın müraciəti əsasında yuxarıda adıçəkilən Qaydalara uyğun olaraq yenidən qiymətləndirilməsi həyata keçirilir. Elektron sənəd n qüvvəyə minməsi üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına gəlməzdən əvvəl, lakin 1 (bir) ildən gec olmamaqla müraciətinə əlavə etdiyi sənədləri (xarici ölkələrin dövlət və digər qurumları tərəfindən rəsmiləşdirilən sənədləri) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq birbaşa tanınan hallar istisna olmaqla, digər hallarda apostil edildikdən və ya leqallaşdırıldıqdan sonra surətlərini Portala daxil etməlidir.
Proaram çərçivəsində müraciətləri müsbət cavablandırılmış yüksəkixtisaslı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə və onların ailə üzvlərinə münasibətdə tətbiq ediləcək güzəştlərin dairəsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmişdir.
Belə ki, Miqrasiya Məcəlləsinin 26-cı maddəsinə əsasən Proqram qalibləri olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yüksəkixtisaslı miqrant hesab olunduqlarını təsdiq edən elektron sənədi təqdim etməklə ‘işgüzar səfər" məqsədli giriş vizası əldə edərək ölkəyə gələ bilərlər. Həmçinin həmin Məcəllənin 45.1.4-1-ci və 49.2-ci maddələrinə müvafiq olaraq yüksəkixtisaslı miqrantlar 3 ildən artıq olmayan müddətə və daha qısa icra müddəti ərzində ölkədə müvəqqəti yaşamaq üçün icazə əldə edə bilərlər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti yaşadıqları müddət ərzində 180 gündə 90 gündən çox ölkədən kənarda olmaları onların icazələrinin ləğvi və ya uzadılmadan imtina üçün əsas olsa da, Məcəllənin 50.3-cü maddəsinə əsasən bu tələb yüksəkixtisaslı miqrantlara şamil edilmir.
Bununla yanaşı, Miqrasiya Məcəlləsinin 52.1.7-ci maddəsinə əsasən son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan yüksəkixtisaslı miqrant daimi yaşama icazəsinin əldə edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət edə bilər. Məcəllənin 53.1.7-ci maddəsinə əsasən daimi yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) ilə bağlı yüksəkixtisaslı miqrantların müraciətlərinin qəbul edilməsi özlərinin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd tələb edilmir. Həmçinin bu müraciətlərə baxılması zamanı yüksəkixtisaslı miqrantların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin əlavə yoxlanılması tələb edilmir.
Eyni zamanda, Məcəllənin 64.0.20-ci maddəsinə əsasən yüksəkixtisaslı miqrantlar mütəxəssis olduqları sahə üzrə fəaliyyət göstərdikdə onlar üçün iş icazəsinin alınması tələb edilmir.
Proqram çərçivəsində yüksəkixtisaslı miqrant hesab olunan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri üçun də bir sıra güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, Miqrasiya Məcəlləsinə əsasən yüksəkixtisaslı miqrantın ailə üzvləri ölkədə daha qısa icra müddəti ərzində müvəqqəti və daimi yaşama icazələri əldə edə bilərlər. Yüksəkixtisaslı miqrantın ailə üzvlərinə şəxsin həyat yoldaşı, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları və himayəsində olan valideynləri daxildir. Yüksəkixtisaslı miqrantın həyat yoldaşı və 23 yaşınadək övladları əmək miqrasiyası kvotası nəzərə alınmadan daha qısa icra müddəti ərzində iş icazəsi əldə edə bilərlər.