18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü Sofiya şəhərində qeyd olunub
Oktyabrın 19-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 33-cü ildönümü münasibətilə Bolqarıstan Respublikasının Dövlət Filarmoniyasında Sofiya simfonik orkestri və Bakı Beynəlxalq Muğam Mərkəzinin musiqiçilərinin iştirakı ilə etno-simfonik konsert keçirilib.
Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin təşkil etdiyi konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycan Respublikasının əməkdar artisti, tarzən Sahib Paşazadə və Muğam Mərkəzinin solisti, Azərbaycan Respublikasının əməkdar artisti, xanəndə Təyyar Bayramovun iştirakı, həmçinin Sofiya simfonik orkestri və Bolqarıstan Respublikasının incəsənət xadimlərinin müşayiəti ilə ifa edilmiş Azərbaycan muğamları, xalq mahnıları və bəstəkar əsərləri çox saylı qonaqların zövqünü oxşayıb. Tədbirdə Bolqarıstanın yüksək səviyyəli dövlət rəsmiləri, siyasi, elmi və mədəni dairələrin, media qurumlarının, Bolqarıstanda akkreditasiya olunmuş diplomatik korpusun və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Azərbaycan parlamenti tərəfindən 18 oktyabr 1991-ci ildə qəbul olunmuş konstitusiya aktı ilə müsəlman şərqinin ilk demokratik respublikası olan Azərbaycan Demokratik Cümhuriyyətinin varisi olaraq Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunduğunu bildirmiş, dövlət müstəqilliyinin bərpasına aparan yolda Azərbaycan xalqının öz milli və dini dəyərlərinə, dilinə və adət-ənənələrinə sahib çıxması yanaşı, burada yaşayan digər xalqlara və mədəniyyətlərə münasibətdə daim qarşılıqlı hörmət, dözümlülük və birgə yaşayış dəyərlərinin üstün tutduğunu da qeyd etmişdir.
Səfir Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının ilkin illərində ciddi çətinliklər və çağırışlarla üzləşdiyi və bunun ilk növbədə tarixi torpaqlarımızın işğalı ilə bağlı olduğunu vurğulamış, otuz ilə yaxın sürən işğaldan sonra Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsinə müvəffəq olduğu və hazırda regionun lider ölkəsi kimi beynəlxalq aləmdə nüfuzunu gücləndirməklə yanaşı, dünya miqyasında enerji təhlükəsizliyi, nəqliyyat və bağlantıları təmin edən aparıcı dövlətə çevrildiyini qeyd etmişdir. Sülh, birgəyaşayış və davamlı inkişafın təşviqində mədəniyyətin xüsusi rol oynadığına diqqət çəkilərək, Azərbaycan və Bolqarıstanın mədəniyyət xadimlərinin birgə ərsəyə gətirdiyi konsertin çoxmədəniyyətlilik dəyərlərinin parlaq ifadəsi olduğu bildirilmişdir.
Öz rəngarəngliyi və yüksək keyfiyyəti ilə seçilən konsert proqramı yerli və xarici qonaqların böyük maraq və rəğbətinə səbəb olmuş və Bolqarıstan mediasında geniş təsvir olunmuşdur.