news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 may 2019

28 may - Respublika Günü, Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü Bolqarıstanda təntənəli qeyd olunub

22 may 2019-cu il tarixində 28 may - Respublika günü, Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi və Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə Sofiya şəhərinin nüfuzlu məkanlarından “Sofiya Balkan” oteldə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunmuşdur.

 

Qəbulda, Bolqarıstan Respublikasının vitse-prezidenti İliyana Yotova, energetika naziri Temenujka Petkova, ölkənin sonuncu Çarı və sabiq Baş naziri Simeon Saks-Koburq (II Simeon), şahzadə Maria Luiza, Bolqarıstanın Müsəlmanları Diyanəti Baş müftisi Mustafa Hacı Alış, Bolqarıstanda Dini İcmalar Milli Şurasının sədri Birali Birali, Elmlər Akademiyasının Prezidenti Yulian Revalski, Dövlət Arxiv Agentliyinin sədri Mixail Qruyev, Plovdiv Şəhər Şurasının sədri Savina Petkova, Enerji və Su Tənzimləmə Komissiyasının sədri İvan İvanov, Azərbaycan – Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri Həmid Həmid, Ayrı-seçkiliklə mübarizə komissiyasının sədri Anna Cumaliyeva, XİN-in ikitərəfli münasibətlər üzrə baş direktoru Petko Doykov, müxtəlif dövlət qurumlarının təmsilçiləri, universitetlərin rektorları, muzey direktorları, həmçinin ölkənin siyasətçiləri, parlament üzvləri və ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbər və əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, Azərbaycanlı tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Bolqarıstan ictimaiyyətinin nümayəndələri, o cümlədən tanınmış elm, mədəniyyət, incəsənət xadimləri və iş adamları iştirak etmişlər.

 

Tədbirdə məşhur bolqar bəstəkarı və dirijoru Kiril Lambovun rəhbərliyində, “Nadejda” mədəniyyət evi xor qrupunun ifasında Azərbaycan Respublikası və Bolqarıstan Respublikasının dövlət himnləri ifa olunmuşdur.

 

Qəbulu giriş sözü ilə açan Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Nərgiz Qurbanova Azərbaycanın Milli Günündə qonaqları salamlamaqdan fəxr hissi keçirdiyini bildirmişdir. Respublika Gününün tarixi əhəmiyyətindən məlumat verən səfir 28 may 1918-ci ildə Azərbaycanın etnik, dini, cinsi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşına bütün mülki və siyasi hüquqlar təmin edən xalq cumhuriyyəti elan olunduğunu qeyd etmişdir. Əlavə olunmuşdur ki, müsəlman və türk dünyasında ilk dünyəvi və parlamentar demokratiya olmuş Azərbaycan Xalq Cümhuriyyəti nəinki qadınlara bərabər seçki hüququ verən birinci müsəlman çoxluqlu ölkə olmuş, hətta həmin qərarı bir çox Avropa ölkəsindən öncə qəbul etmişdir.

 

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinin təntənəli qeyd olunmasından bəhs edən N.Qurbanova 9 iyul 1919-cu ildə AXC Hökumətinin Xarici İşlər Nazirliyinin Katibliyinin yaradılması haqqında qərar qəbul etdiyini vurğulamışdır. Bildirilmişdir ki, hələ Xarici İşlər Nazirliyinin rəsmi qurulmasından öncə, Zaqafqaziya Seymi dövründə müsəlman fraksiyası xarici işlərlə bağlı məsələlərin icrasına fəal cəlb olunmuşdur. Daha sonra Parlamentin sədri Əlimərdan bəy Topşubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında iştirak edərək gənc demokratik dövlətinin tanınmasına nail olunmuşdur.

 

Səfir vurğulamışdır ki, bu gün Azərbaycan diplomatiyası dövlətimizin beynəlxalq aləmdə nüfuzunun güclənməsinə nail olmuş AR Prezidenti cənab İlham Əliyevin rəhbərliyində ölkəmizin daxili siyasətini özündə təcəssüm edir. Həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı faydalı və ədalətli əməkdaşlığın inkişafına təşviq edən Azərbaycan regionda nüfuzlu oyunçudur. Dövlətimizin təhlükəsizliyin təminatçısına çevrildiyini xatırladan N.Qurbanova Azərbaycanın BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəklənmiş sülhməramlı əməliyyatlarda iştirak etdiyini, Əfqanıstanda NATO-nun Qətiyyətli Dəstək Missiyasına və Afrikada sülhü dəstəkləyən əməliyyatlara qoşulduğunu qonaqların diqqətinə çatdırmışdır.

 

Səfirin çıxışında Azərbaycanın beynəlxalq hüquqa əsaslanan nizamın tərəfdarı olduğu qeyd olunmuş və vurğulamışdır ki, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət ölkəmiz də daxil olmaqla, Avropa qitəsində həlli uzadılmış münaqişələrin həlli kontekstində xüsusilə vacibdir.

 

Azərbaycanın dünya və Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verən “Cənub Qaz Dəhlizi”nin əsas təşəbbüskarı kimi tanındığını xatırladan N.Qurbanova ölkəmiz tərəfindən təşəbbüs olunmuş enerji, nəqliyyat, İKT və digər layihələrin sadəcə ölkələrin deyil, eyni zamanda bölgə və qitələrin bir araya gətirilməsinə yardım etdiyini vurğulamışdır. Hazırda, ölkəmizin Cənubi Qafqazdakı ümumdaxili məhsulun 75%-nə sahib olduğunu söyləyən səfir Azərbaycan şirkətlərinin bəzi qonşu ölkələrdəki ən böyük investor və vergi ödəyicisi qismində çıxış etdiyini qonaqların diqqətinə çatdırmışdır.

 

Səfir çıxışında Azərbaycanın dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biri olduğunu ifadə edərək bütün etnik və dini qrupların ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını və Azərbaycanın mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəldilmiş çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xatırlamışdır. Əlavə olunmuşdur ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü kimi Azərbaycan 2008-ci ildə əsas məqsədi müsəlman dünyası ilə Avropa arasında dialoq, tərəfdaşlıq və əməkdaşlığın möhkəmləndirilməsi olan Bakı prosesini başlatmışdır. Cari ilin may ayının əvvəlində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə Azərbaycan “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq  Forumuna ev sahibliyi etmişdir.

 

Bütün sahələrdə müsbət olan ikitərəfli əlaqələri qeyd edən N.Qurbanova Azərbaycan və Bolqarıstanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə müvəffəq olduğunu qonaqların diqqətinə çatdırmışdır. Mədəni əlaqələrin genişlənməsinə də toxunan səfir 2019-cu ilin aprel ayında Azərbaycanın 5 minillik Naxçıvan şəhəri ilə Bolqarıstanın tarixi və mənəvi paytaxtı olan Veliko Tırnovo şəhərlərinin qardaşlaşmış şəhər elan olunduğunu qeyd etmişdir.

 

Səfirin çıxışından sonra fəxri qonaq qismində Bolqarıstan Respublikasının vitse-prezidenti İliyana Yotovaenergetika naziri Temenujka Petkova çıxış etmişlər.

 

Çıxışına dahi Azərbaycan şairi Nizami Gəncəvidən sitat gətirməklə başlayan Bolqarıstan Respublikasının vitse-prezidenti İliyana Yotova şairi Azərbaycanın qədim poeziyasının simvollarından biri kimi xarakterizə etmişdir. Nizami Gəncəvinin həmin misralarının əbədi həqiqət üçün kodlaşdırıldığını ifadə edən ali qonaq dostla sülh, hörmət və anlayış şəraitində yaşanılan zaman həyat tərzinin daha asan olduğunu qeyd etmişdir.

 

Ardınca azərbaycanlıların simasında bolqar xalqının sadiq dostunun olmasından xoşbəxtlik duyduğunu ifadə edən vitse-prezident AXC-nin yaranmasının 101-ci ildönümü münasibətilə Bolqarıstan tərəfinin təbrikini çatdırmaqdan şərəf hissi keçirdiyini bildirmişdir. “Azərbaycan diplomatlarını, sələflərin layiqli varislərini təbrik edirəm” deyən ali qonaq qədim və maraqlı tarixi ilə Azərbaycanın qonaqpərvər və multikultural cəmiyyətin yaradılması və qoruyub saxlanılması nümunəsi olduğunu vurğulamışdır.

 

Gənclər arasında ünsiyyətə kömək etmək üçün güclü mədəni və elmi mübadiləyə nail olmuş iki ölkənin bu əlaqələri inkişaf etdirmək üçün doğru seçim etməsindən qururlandığını qeyd edən ali qonaq mədəni diplomatiyanın çox ağır qapıları açmağa qadir olduğunu qeyd etmişdir. 27 ildir davam edən diplomatik əlaqələrimiz nəticəsində iki ölkənin yüksək səviyyəli siyasi dialoqa nail ola bildiyini ifadə edən İ.Yotova xüsusilə enerji sektorunda olmaqla, əlaqələrin inkişafı baxımından böyük potensialın olduğunu vurğulamış və Bolqarıstanın Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrdə yaxşı vasitəçi ola biləcəyini bildirmişdir.

Bolqarıstan Respublikasının energetika naziri xanım Temenujka Petkova uzun illərin sınağından çıxmış möhkəm tərəfdaşlıq əlaqələrinin Azərbaycan və bolqar xalqlarını birləşdiriyini söyləmişdir. “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın həmsədri kimi iki ölkə arasındakı əlaqələrə töhfə verməsinin onun üçün böyük şərəf olduğunu bildirən T.Petkova Azərbaycan haqqında danışılan zaman ilkin olaraq strateji tərəfdaşlığın xatırlandığını qeyd etmişdir. Azərbaycanın Bolqarıstanın strateji tərəfdaşı olduğunu vurğulayan nazir müxtəlif sahələrdə ölkələrimizin tərəfdaş olduğunu, lakin onlar arasında enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini ifadə etmişdir.

Ölkəmizin marşrut və mənbə baxımından Bolqarıstanın qaz təchizatının şaxələndirilməsində vacib və əhəmiyyətli rol oynadığını qeyd edən həmsədr Azərbaycanın yalnız Bolqaristanda deyil, eyni zamanda cənubi-şərqi Avropa regionunda enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış etdiyini bildirmişdir. İGB interkonnektorunun açılış mərasimindən danışan nazir həmin qazpaylayıcı boru kəməri ilə Azərbaycanın Bolqarıstanın qaz şaxələndirilməsinə yardım göstərəcəyini vurğulamışdır.

Rəsmi çıxışlardan sonra qəbulla bağlı Bolqarıstan Respublikası yüksək dövlət rəsmiləri və ictimaiyyətinin nümayəndələri – Bolqarıstan Respublikası dövlət kəşfiyyat agentliyinin sədri D.Dimitrov, Milli təhlükəsizlik üzrə dövlət agentliyinin sədri Dimitar Qeorqiyev, Gömrük agentliyinin direktoru Q.Kostov, Xalq Məclisinin deputatları Spas Pançev və İvelina Vasileva, Baş prokurorun müavinləri Asya Petrova və Mariya Şişkova, G.S.Rakovski adına Hərbi Akademiyanın rəisi general-mayor Q.Angelov, Bolqarıstan Qırmızı Xaç təşkilatının baş icraçı direktoru professor Krasimir Qiqov və sədri akademik Xristo Qriqorov, DİN-in “Sərhəd Polisi” Baş Direktorluğunun direktoru Svetlan Kiçikov və “Miqrasiya” direktoruluğunun direktoru Nikolay Nikolov, Bolqarıstan Limanlar İnfrastrukturu Şirkətinin baş direktoru  Anqel Zabutov və digər rəsmi şəxslərin, həmçinin bir sıra şəhərlərin mer və qubernatorları tərəfindən ünvanlanmış təbrik məktubları oxunmuşdur.

Tədbir zamanı Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə çəkilmiş “Son iclas” bədii-sənədli filmi bolqar dilinə tərcümə edilərək alt yazı ilə nümayiş olunmuşdur. Bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında ərsəyə gəlmiş filmin nümayişi çoxsaylı qonaqların Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinə nəzər salmalarına imkan vermişdir. Ekran əsəri ilə qonaqlar Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizəsindən məlumatlı olmalarına imkan yaratmışdır.

Ziyafətlə davam etmiş qəbulda qonaqlara Azərbaycanın milli təam və içkiləri təqdim olunmuşdur. Qəbul çərçivəsində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə fotosərgi təşkil olunmuş və muxtar respublikasının əlamətdar yerlərini təsvir edən şəkillərin nümayişi təşkil olunmuşdur.

Eyni zamanda “İrs” jurnalının Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi həsr olunmuş sonuncu buraxılışı və “Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse yazı müsabiqəsi ilə bağlı məlumatlardan ibarət sərgi təşkil olunmuşdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti