Bolqarıstanda Xarıbülbül çiçəyini təcəssüm edən gül çələngi kompozisiyasının təqdimatı olub
Zəfər Gününün ildönümü ilə əlaqədar Bolqarıstanın paytaxtı Sofiya səhərində 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfər rəmzinə çevrilmiş Xarıbülbül çiçəyini təcəssüm edən gül çələngi kompozisiyasının təqdimat mərasimi keçirilib.
Açılış mərasimi Azərbaycanın Bolqarıstandakı səfirliyi və Sofiya şəhər Meriyasının birgə təşkilatçılığı ilə paytaxtın ən çox ziyarət olunan və sevilən Vrana park-muzeyində reallaşıb.
Səfirlik və Sofiya şəhər bələdiyyəsi tərəfindən daimi xidmət göstəriləcək və ilin bütün fəsillərində Xarıbülbülü tərənnüm edən rənglər – yaşıl, çəhrayı və bənövşəyi rəngdə çiçək açacaq gül kompozisiyası Xarıbülbül formasını əks etdirir.
Açılış tədbirində Bolqarıstanın rəsmi nümayəndələri, Bolqarıstanda akkreditə olunmuş diplomatik korpus rəhbərləri, həmçinin Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Hüseyn Hüseynov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunan parlaq Qələbəyə aparan yol barədə məlumat verib, Azərbaycanın Şuşa bölgəsinə xas olan Xarıbülbül və onun Vətən müharibəsində Zəfər rəmzinə çevrildiyi haqqında bəhs edib. Səfir müstəqilliyinin bərpa edilməsindən sonra Azərbaycanın Ermənistan tərəfindən ona qarşı həyata keçirilmiş hərbi təcavüz nəticəsində 20 faiz torpaqlarının 30 il ərzində işğal altında saxlandığını bildirib və bütün bu çətinliklərə baxmayaraq Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə daxili siyasi sabitliyin təmin olunması, uğurlu xarici siyasət və genişmiqyaslı islahatların aparılması sayəsində dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, ordunun qüdrətləndiriməsi və iqtisadiyyatın sürətlə inkişaf etdirilməsinə nail olunduğunu vurğulayıb.
Səfir H.Hüseynov 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı növbəti təcavüz aktı törədildiyini, Gəncə, Bərdə, Tərtər, Goranboy və digər şəhərlərin ballistik raketlərlə hədəfə alınmasını və bunun nəticəsində çoxlu sayda dinc sakinin həlak olduğunu və yaralandığını, eləcə də yüzlərlə mülki obyektin dağıdıldığını qeyd edib. Bu təcavüzə cavab olaraq Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək, həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altındakı torpaqları azad etməyə müvəffəq olmuşdur. Səfir ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş və yaralanmış həmvətənlərimizin xatirəsinin yüksək ehtiramla yad edildiyini və şücaətini ləyaqətlə anıldığını qeyd etmiş və hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri, həmçinin rəsmi Bakının bölgədə davamlı sülhün, təhlükəsizliyin və rifahın təmin olunmasında sərgilədiyi siyasəti və fəaliyyəti barədə ətraflı məlumat verib.
Sofiyanın park-muzeyində təqdim olunan Xarıbülbül kompozisiyası qonaqlar və parkın çoxsaylı ziyarətçiləri tərəfindən yüksək maraqla qarşılanıb. XIX əsrin sonunda yaradılmış Sofiyanın Vrana park-muzeyi bolqar çarları I Ferdinand və III Borisə məxsus 140 hektarlıq mülkün bir hissəsini təşkil edir və 2001-ci ildə çar III Borisin oğlu II Simeon Sakskoburqotski tərəfindən Sofiya şəhər bələdiyyəsinə hədiyyə edilmişdir. Hazırda parkda 821 ağac və 500-ə yaxın bitki növü mövcuddur.