news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 noyabr 2021

Bolqarıstanın Plovdiv şəhərində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş sərgi açılıb

Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə bu il noyabrın 9-da Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Plovdiv şəhərində “Azərbaycan Respublikası: qədim mədəniyyət və zəngin ənənələr diyarı” adlı sərgi keçirilib.
Azərbaycanın tarixi, zəngin mədəniyyəti və qədim adət-ənənələrini əks etdirən fotoşəkillərdən ibarət sərginin açılışında Plovdiv şəhər bələdiyyəsinin rəsmiləri, yerli türk icmasının üzvləri və media nümayəndələri iştirak ediblər.

Sərgini giriş sözü ilə açan ölkəmizin Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Zəfər və Dövlət Bayrağı günlərinin Azərbaycan tarixində olduqca əlamətdar və vacib əhəmiyyət kəsb etdiyini bildirib. Deyib ki, Azərbaycan ərazilərinin Ermənistanın təcavüzü nəticəsində 30 il ərzində işğal altında qalıb. Ötən il noyabrın 8-də Azərbaycan parlaq Zəfərə imza ataraq ərazi bütövlüyünü, həmçinin tarixi ədaləti və qanunun aliliyini bərpa edib. Bolqarıstan cəmiyyəti üçün Azərbaycanın tarixi və mədəniyyəti haqqında daha dolğun və müfəssəl məlumatın təqdim olunmasının əhəmiyyətini vurğulayan səfir sərginin yerli ictimaiyyətin Azərbaycanı daha yaxından kəşf etməsinə töhfə verəcəyini bildirib.

H.Hüseynov Azərbaycanda müxtəlif etnik qrupların və dini təriqətlərin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını vurğulayıb, cəmiyyətdə tolerant və multikultural mühiti təmin edən Azərbaycanın dünya miqyasında nümunəvi rolundan bəhs edib.

Plovdiv şəhər bələdiyyəsinin mədəniyyət departamentinin rəhbəri, şəhər merinin müavini P.Panov çıxış edərək Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən sərginin yerli ictimaiyyətin maariflənməsində və insanlar arasında əlaqələrin qurulmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, Azərbaycanın zəngin multikultural dəyərlərin daşıyıcısı olmasını yüksək qiymətləndirib.

Türkiyənin Plovdivdəki baş konsulu K.Küngerü çıxışında Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə keçirilən sərginin açılış mərasimində Azərbaycan və Türkiyə bayraqlarının birgə dalğalanmasından qürur duyduğunu qeyd edib, sərginin bu şəhərin çoxmədəniyyətlilik ab-havasına xüsusi dəyər qatdığını bildirib.

Üç həftə ərzində Plovdiv şəhərinin mərkəzi meydanında davam edəcək sərginin açılışı şəhər sakinləri və qonaqlar tərəfindən yüksək maraqla qarşılanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti