news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 may 2024

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü keçirilib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Cənab Prezident, nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz.

Ölkəmizə yenidən səfər edən əziz dostum Prezident Radevi görməyə çox şadam. Bildiyiniz kimi, bizim mütəmadi təmaslarımız olur və qarşılıqlı səfərlərin həyata keçirilməsi artıq yaxşı bir ənənəyə çevrilib. Mən şadam ki, biz səmərəli müzakirələrimizi davam etdirəcəyik və tərəfdaşlığımızı gücləndirəcəyik.

Cənab Prezidentlə görüşümüzdə əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə etdik və əlbəttə ki, əsas diqqəti yeni nəticələr əldə olunmasına yönəltdik. Bilirəm ki, nümayəndə heyətlərinin üzvləri artıq təmasda olublar, bəziləri dünən, bəziləri bu gün. Müzakirə etməli çox məsələlər var. Gündəlik həqiqətən də çox genişdir, güclü siyasi əlaqələr var. Bu gün biz strateji tərəfdaşlığımızın gücləndirilməsinə dair Bəyannamə imzalayacağıq. İqtisadi, enerji, nəqliyyat sektorları - hamısı çox yaxşı səviyyədədir. Mən tərəfdaşlığımızı nəzərdə tuturam və əlbəttə ki, humanitar əlaqələri. Əməkdaşlıq razılaşması imzalamış iki şəhərdən - Veliko Tırnova və Şuşadan olan təmsilçilər də əməkdaşlığımızın əhəmiyyətli hissəsinə töhfə verir.

Biz şadıq ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bizim Bolqarıstana qaz təchizatımız artır. Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək. Beləliklə, cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.

x x x

Prezident Rumen Radev çıxış edərək dedi:

- Cənab Prezident, əziz dostum İlham Əliyev, ənənəvi səmimi qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Bildiyimiz kimi, bu, son iki ildə bizim dördüncü görüşümüzdür və bu, çox yaxşı haldır. Çünki yüksək səviyyəli siyasi təmaslar bizim qarşılıqlı maraq doğuran sahələrin hamısının inkişaf etdirilməsinə zəmin yaradır. Biz enerji sektorunda aparılan əməkdaşlıqdan çox məmnunuq. Son iki il ərzində biz çoxlu iş görmüşük. Yunanıstan və Bolqarıstan arasında rəsmi interkonnektorun açılışında şəxsən iştirak etdiniz. Bununla yanaşı, SOCAR-ın nümayəndəliyinin açılışında iştiraka görə Sizə təşəkkür edirəm. Həmçinin Sizin iştirakınızla biz “Həmrəylik Halqası” layihəsi çərçivəsində Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü şəbəkələri, habelə SOCAR arasında Anlaşma Memorandumunu imzaladıq. Bu, Avropa Komissiyasının strateji baxışına və Avropa Komissiyasının Prezidenti ilə 2022-ci ildə imzaladığınız strateji tərəfdaşlığa dair Memoranduma əsasən həyata keçirilir.

Biz Azərbaycan qazının əlavə həcmlərinin Avropaya nəql edilməsi üçün ölkənizlə birlikdə işləyə biləcəyimizə görə çox məmnunuq. Aydındır ki, biz birlikdə işləməklə təkcə ikitərəfli əməkdaşlığımızı gücləndirmirik. Bu, Qafqaz və Qara dəniz regionunun sabitliyi və iqtisadi inkişafı üçün atılan bir addımdır. Bu, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün atılan bir addımdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti