Sofiyada Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib
İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində oktyabrın 30-da Sofiyada Bolqarıstan-Azərbaycan biznes forumu keçirildi.
Tədbirdə hər iki ölkənin dövlət qurumlarının rəsmiləri, eləcə də kənd təsərrüfatı, iqtisadiyyat, enerji, informasiya və kommunikasiya texnologiyaları, qida, yüngül sənaye, elmi-texniki və humanitar, sosial, səhiyyə, ətraf mühit, turizm və digər sahələri təmsil edən 80 Bolqarıstan və 25 Azərbaycan şirkətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Bolqarıstan Respublikası energetika nazirinin müavini İva Petrova hər iki ölkənin maraqlarına uyğun olaraq müsbət inkişaf edən Azərbaycanla strateji əməkdaşlıq münasibətlərinin artıq yeni səviyyəyə yüksəldiyini və biznes forumunun iki ölkə arasında əlaqələrin təşviqi üçün daha bir fürsət olduğunu qeyd etdi.
İ.Petrova enerji sektorunun hər iki ölkənin səmərəli əməkdaşlığında aparıcı sektorlar arasında olduğunu vurğulayaraq, Bolqarıstanın təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi və regionun enerji təhlükəsizliyinin təmin olunmnası səylərində Azərbaycanın rolunu qeyd etdi. "Avropa məqsədləri kontekstində, bir-biri ilə əlaqəli və vahid ümumavropa qaz bazarı yaratmaq üçün Bolqarıstan hökuməti qaz infrastrukturunun inkişafında, milli qaz ötürmə şəbəkəsinin genişləndirilməsində və qonşu ölkələrlə əlaqələrin gücləndirilməsində maraqlıdır. Bu istiqamətdə Azərbaycanla tərəfdaşlığımız enerji müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır", - deyə o bildirdi.
Forumda çıxış edən Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının həmsədri, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov iqtisadiyyatın şaxələndirilməsi məqsədilə Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verdi. Bolqarıstanı Azərbaycanın qlobal enerji layihələrində fəal iştirakçı adlandıran nazir bildirdi ki, yaşıl enerji də daxil olmaqla enerji sektorunda əməkdaşlıq təkcə Bolqarıstan üçün deyil, həm də bütün Avropa regionu üçün enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm amildir. Nazir Məcnun Məmmədov əlavə etdi ki, enerji ilə yanaşı, kənd təsərrüfatı, qida emalı, turizm və beynəlxalq yük daşımaları da daxil olmaqla, iqtisadi əlaqələrin inkişafı üçün əhəmiyyətli potensiala malik digər sektorlar da mövcuddur. Nazir iş adamlarını əməkdaşlıq üçün yeni imkanları araşdırmağa çağırdı.
Nazir Məmmədov həmçinin, Azərbaycanın milli iqtisadiyyatın əsas qeyri-enerji inkişaf sahələrini, yəni ticarət, investisiya və müasir texnologiyaların ötürülməsini şaxələndirmək səylərini nəzərə alaraq, Azərbaycan üçün vacib sahələrin - kənd təsərrüfatı, rəqəmsallaşdırma və davamlı inkişafın əhəmiyyətini diqqətə çatdıraraq Azərbaycanın xarici şirkətlərə əlverişli və rəqabətli mühit təklif etdiyini bildirdi.
Forumda Azərbaycan və Bolqarıstan arasında qarşılıqlı investisiya və ticarət əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi müzakirə edildi.
Tədbirdə çıxış edən Bolqarıstan Kiçik və Orta Müəssisələrin Təşviqi Agentliyinin (BSMEPA) icraçı direktoru Boyko Takov və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bolqarıstan və Azərbaycandakı biznes mühiti, sahibkarlığın dəstəklənməsi üçün görülən işlər və hər iki ölkənin iqtisadi prioritetləri və xarici investorlar üçün yaradılan imkanlar barədə danışdılar.
"Bugünkü biznes forumu sürətlə inkişaf edən iki iqtisadiyyatı bir araya gətirir və onlar arasında artan əməkdaşlıq imkanları var", - Boyko Takov bildirdi. O, iki ölkə arasında iqtisadi əlaqələrin yalnız enerji sektoru ilə məhdudlaşmamalı və digər sahələrə də yayılmalı olduğunu, buna Azərbaycanın artım mənbələrinin iqtisadi şaxələndirilməsi hədəfinin və Bolqarıstanın innovasiya və sənayedəki güclü mövqelərinin imkan yaratdığını qeyd etdi. Boyko Takov həmçinin sənaye avadanlıqları və maşınqayırma; mühəndislik aparatları; qida emalı və kənd təsərrüfatı texnologiyaları; əczaçılıq; kosmetika və istehlak malları; logistika və nəqliyyat və nəhayət informasiya texnologiyaları və rəqəmsal transformasiya kimi bəzi perspektivli sahələrdə əməkdaşlığın səmərəliliyini də vurğuladı.
Boyko Takov həmçinin qeyd etdi ki, "Bizim ortaq məqsədimiz münasibətlərimizi irəliyə doğru - ticarətdən tərəfdaşlığa, idxal/ixracdan birgə investisiyalara, innovasiyalara və dəyər yaratmağa doğru aparmaq olmalıdır".
Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev vurğuladı ki, "Enerji əməkdaşlığımız güclüdür, lakin bu gün əsas diqqət neft və qazdan kənarda artım mənbələrinin şaxələndirilməsinə yönəlib. Sənaye, kənd təsərrüfatı, qida istehsalı və nəqliyyat kimi sahələrdə əlaqələrimizin dərinləşdirilməsi üçün böyük imkanlar və potensial görürük". O bildirdi ki, Azərbaycan informasiya və kommunikasiya texnologiyaları sahəsində də əməkdaşlığa açıqdır.
Yusif Abdullayev xüsusi iqtisadi zonaların, eləcə də rüsumdan azad zonaların fəaliyyətini Azərbaycanın biznes mühitinin əsas elementi kimi qeyd etdi. İqtisadi zonalar mövzusunu qaldıraraq, o, xüsusilə Ələt Azad İqtisadi Zonasının əhəmiyyətinə diqqət çəkdi.
Daha sonra Bolqarıstan və Azərbaycandakı investisiya mühiti ilə bağlı təqdimatlar keçirildi.
Biznes forumu çərçivəsində iş adamları arasında ikitərəfli görüşlərdə (B2B görüşləri) işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə edildi.