Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ağac əkmə mərasimi keçirmişdir
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Sofiya şəhərində yerləşən "Vrana" park-muzeyində Azərbaycandan tədbir üçün xüsusi gətirilmiş 3 şərq çinarı ağacı (Platanus Orientalis) əkilmişdir.
Ağac əkmə mərasimində Sofiya şəhərinin meri Yordanka Fandıkova, Bolqarıstan Respublikasının Xarici İşlər Nazirinin müavini Yuri Şterk və turizm nazirinin müavini İrena Georgiyeva, BR Xalq Məclisinin deputatı Andon Donçev, BR Prezidentinin müşavirləri və müxtəlif nazirliklərin nümayəndələri, səfirlər və diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Mərasimdə çıxış edən Sofiya şəhərinin meri Y.Fandıkova yubileylər münasibətilə Azərbaycan tərəfini təbrik edərək ağacların əkilməsinin gözəl təşəbbüs olduğunu və Sofiya şəhərinin ətraf mühitinin yaxşılaşdırılmasına bir töhfə kimi qiymətləndirildiyini söyləmişdir. Mer Vranada mövcud bio müxtəliflikdən söz açaraq Azərbaycandan gətirilmiş şərq çinarlarınin bu parkın zəngin bitki dünyasına xüsusi rəng qatacağını bildirmişdir.
Bolqarıstanın xarici işlər nazirinin müavini Y.Şterk cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bolqarıstan ilə Azərbaycan arasında diplomatik əlaqələrinin qurulmasının 26 illiyinin qeyd olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin dostluq ruhunda yüksələn xətt üzrə inkişaf etdiyini bildirmişdir. O, Bolqarıstanın Avropa İttifaqı Şurasına sədrliyi kontekstində Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun inkişafı və əməkdaşlığı yeni mərhələyə yüksəldəcək tərəfdaşlıq sazişinə dair danışıqların aparılmasından bolqar tərəfinin məmnun olduğunu qeyd etmişdir. Fərqli coğrafi yerləşməyə malik olduqlarına baxmayaraq Azərbaycan və Bolqarıstan xalqlarının mədəniyyətlərinin yaxın olduğunu bildirən nazir müavini iki tərəf arasında milli identiklik, müstəqillik, suverenitet və azadlığa əsaslanan qarşılıqlı simpatiya və hörmətin mövcud olduğunu söyləmişdir.
Y.Şterk 2015-ci ildə Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığı və bu sənəd əsasında yaxında yüksək səviyyəli dialoqa başlanılacağını diqqətə çatdırmışdır.
İki ölkə arasında enerji sahəsində sıx əməkdaşlıq əlaqələrindən söz açan nazir müavini 2020-ci ildən etibarən Bolqarıstana 1 milyard kub metr Azərbaycan qazının idxal olunacağını qeyd etmiş, ölkəmizin Bolqarıstanın qazlaşdırılmasında iştirak imkanlarının nəzərdən keçirildiyini vurğulamışdır. O, cari ilin əvvəlində Bakı ilə Sofiya arasında birbaşa uçuşlara start verildiyini və bu amilin iki ölkə arasında əməkdaşlıq əlaqələrinə müsbət təsir edəcəyini söyləmişdir.
Çıxışı zamanı Y.Şterk tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olmuş Məmmədəmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarının Azərbaycan dilində səsləndirməsi dövlətçiliyik ənənələrimizə hörmət əlaməti kimi tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Sonda çıxış edən səfir Nərgiz Qurbanova çinar ağaclarının iki ölkə arasında dostluq rəmzi olaraq Azərbaycan üçün tarixi yubileylərlə fərqlənən məhz 2018-ci ildə əkilməsinin xüsusi önəm daşıdığını vurğulamışdır. O, cari ildə yaradılmasının 100 illiyinin qeyd olunduğu Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Müsəlman Şərqində və Türk Dünyasında ilk demokratik və dünyəvi ölkə olduğunu, etnik və dini mənsubiyyət və sosial durumdan asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən qadınlara səsvermə hüququnun verildiyini bildirmişdir. AXC-nin cəmi 2 il fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan tarixində unudulmaz iz buraxdığı və 1991-ci ildə müstəqilliyinin yenidən bərpası üçün ilhamverici faktorlardan biri olduğu qeyd olunmuşdur.
N.Qurbanova həmçinin cari ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinin qeyd olunduğunu diqqətə çəkərək, onun fəaliyyəti və ölkəmizin inkişafına verdiyi əvəzolunmaz töhfəsindən bəhs etmişdir. O, Heydər Əliyevin 1995-ci ildə Bolqarıstan prezidenti Jelyu Jelevin dəvəti əsasında Bolqarıstana səfər etdiyini və səfər çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında sazişin imzaladığını xatırlatmış, ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirmişdir.
Səfir Azərbaycan xalqından dost bolqar xalqına bir hədiyyə rəmzi olan şərq çinarı ağaclarının “Vrana” park-muzeyinə gözəl töhfə olacağına və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə ilhamlandıracağına dair ümidini ifadə etmişdir.
Daha sonra ağaclar əkilmiş və sulanmışdır.
Qeyd olunmalıdır ki, çinarların əkildiyi “Vrana” park-muzeyi XX əsrin 1-ci yarısında yaradılmış və Bolqar çarları I Ferdinand və III Borisə məxsus 140 hektarlıq mülkün bir hissəsi olmuşdur. Park 2001-ci ildə çar III Borisin oğlu Simeon Sakskoburqotski tərəfindən Sofiya şəhər bələdiyyəsinə hədiyyə edilmişdir. Hazırda 100 hektara yaxın ərazini əhatə edən bu parkda 821 ağac və 435 yaxın bitki növü mövcuddur.