news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 may 2026

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş anım tədbiri

Cari ilin 7 may tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Bolqarıstanın Hökumətinin və Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndələri, Bolqarıstan Respublikasında akkreditə olmuş Səfirlər və diplomatik korpusun digər üzvləri, ictimai-siyasi və akademik dairələrin təmsilçiləri, eləcə də Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri Elmar Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin müstəqilliyinin qorunması və beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs edib. Elmar Məmmədov çıxışı zamanı 1993-cü ildə Azərbaycanın siyasi qeyri-sabitlik, iqtisadi böhran və ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasının nəticələri ilə üzləşdiyi, yüz minlərlə məcburi köçkün və qaçqının olduğu mürəkkəb bir dövrdə Heydər Əliyevin müstəsna liderlik nümayiş etdirərək ölkəni böhran vəziyyətindən sabitlik və uzunmüddətli inkişaf yoluna çıxardığını bildirib.

Diplomat 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və ölkənin uzunmüddətli iqtisadi inkişafının təmin edilməsində dönüş nöqtəsi olduğunu diqqətə çatdırıb. Səfir Ümummilli Lider tərəfindən müəyyən edilmiş strateji kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayaraq, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi mühüm beynəlxalq layihələrin regional bağlantının genişlənməsinə, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və təchizat zəncirlərinin dayanıqlığının artırılmasına mühüm töhfə verdiyini qonaqların diqqətinə çatdırıb.

Tədbirdə Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafında Heydər Əliyevin roluna xüsusi diqqət yetirilərək, Ümummilli Liderin 1995-ci ilin iyun ayında Bolqarıstana həyata keçirdiyi rəsmi səfər çərçivəsində imzalanmış Dostluq və Əməkdaşlıq Müqaviləsinin iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın əsasını qoyduğu qeyd olunub. Bildirilib ki, bu strateji xətt sonrakı dövrdə Prezident İlham Əliyev və Bolqarıstan prezidentləri Rosen Plevneliev və Rumen Radev tərəfindən imzalanmış strateji tərəfdaşlığa dair birgə bəyannamələrlə daha da möhkəmləndirilib və yeni məzmunla zənginləşdirilib.

Anım günündə çıxış edən Bolqarıstanın Azərbaycandakı ilk Səfiri olmuş İvan Palçev Ümummilli Lider Heydər Əliyevin yüksək liderlik keyfiyyətlərinə, strateji baxışına və Azərbaycan–Bolqarıstan münasibətlərinin inkişafına verdiyi mühüm töhfələrə dair fikirlərini bölüşüb. Çıxışı zamanı Heydər Əliyevin regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin bu gün də aktuallığını qoruduğu vurğulanıb. O xüsusilə vurğulayıb ki, beynəlxalq səviyyədə böyük işlər görmüş Heydər Əliyev kimi ümumilli liderlərə bu gün dünyanın daha da çox ehtiyacı var.

Tədbirdə, həmçinin 1970-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olmuş Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Professoru geoloq Georg Georgiev çıxış edərək Azərbaycanla bağlı xatirələrini bölüşüb. O, həmin dövrdə Azərbaycan xalqının nümayiş etdirdiyi qonaqpərvərlik və dostluq münasibətlərindən bəhs edib, təhsil aldığı dövrdən etibarən Azərbaycanda baş verən hadisələri yaxından izlədiyini, 1969-1982 və 1993-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı, milli-mədəni dəyərlərin qorunması, müstəqilliyinin təmin edilməsi və gücləndirilməsi və 1990-cı illərdə Azərbaycanın qarşılaşdığı ağır vəziyyətdən ölkəni xilas etmək üçün həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti yüksək qiymətləndirdiyini bildirib. O xüsusilə də, müstəqil Azərbaycanın enerji strategiyasının formalaşdırılması və bu sahəyə xarici sərmayələrin cəlb edilməsində Heydər Əliyevin müstəsna rolunu vurğulayıb. 

Sonda Elmar Məmmədov Heydər Əliyevin Azərbaycanın zəngin tarixi-mədəni irsinə və musiqisinə xüsusi önəm verdiyini vurğulayaraq Ümummilli Lider tərəfindən mədəni kimliyin dövlətçiliyin əsas sütunlarından biri və xalqları birləşdirən körpü kimi qiymətləndirildiyini qeyd edib.  

Bu xüsusda, diplomat Səfirlikdə yenicə yaradılmış Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin adını daşıyan zalda ilk tədbirin məhz Ümummilli Liderin xatirəsinə həsr edilməsinin təsadüfi olmadığını və xüsusi rəmzi məna daşıdığını vurğulayıb. Səfir fikirlərini onunla izah edib ki, Şuşanı “təkcə şəhər deyil, böyük tarixi abidə” adlandıran və “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur” fikirlərinin müəllifi olan Heydər Əliyev Pənahəli xanın saldığı Azərbaycanın qədim tarixi şəhəri olan Şuşanın inkişafına və tarixi-mədəni irsinin qorunmasına hər zaman xüsusi diqqət yetirmişdir.  

8 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusunun Şuşa şəhərini işğaldan azad etməsinin tarixi əhəmiyyətini vurğulayan Səfir, işğal dövründə Azərbaycanın tarixi və mədəni irsinin məqsədli şəkildə dağıdıldığını diqqətə çatdırıb. Elmar Məmmədov bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, işğaldan azad edilmiş ölkəmizin Qarabağ və Şərqi Zəngəzur regionlarında, o cümlədən Şuşa şəhərində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir və Şuşada Xarıbülbül Musiqi Festivalı kimi mədəni ənənələri yenidən dirçəldir. Həmçinin Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş sülh sazişi layihəsinin mətni ötən il paraflanıbdır.

2022-ci ildə Şuşa şəhəri ilə Veliko Tırnovo şəhəri arasında imzalanmış qardaşlaşma haqqında Anlaşma Memorandumunu xatırladan Elmar Məmmədov vurğulayıb ki, Veliko Tırnovo şəhərində yaradılması planlaşdırılan “Şuşa Parkı” layihəsi iki dost ölkə arasında strateji tərəfdaşlıq və mədəni əlaqələrin yeni simvoluna çevriləcək.

Tədbir çərçivəsində bolqar pianoçu Ana Linçevanın ifasında “Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş musiqi ithafı” adlı konsert proqramı təqdim olunub. Proqramda Ümummilli Lider Heydər Əliyevin sevdiyi Azərbaycan bəstəkarlarının və xalq musiqisinin incilərindən ibarət əsərlər səsləndirilib. Konsert proqramında Cahangir Cahangirovun “Alagöz”, xalq mahnısı “Küçələrə su səpmişəm”, Tofiq Quliyevin “Qızıl üzük”, Müslüm Maqomayevin “Baharlı yurdum”, Vasif Adıgözəlovun “Qərənfil”, Səid Rüstəmovun “Qurban adına” və Şəfiqə Axundovanın “Həsrətindən” əsərləri ifa olunub.

Tədbirin sonunda iştirakçılara Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti