Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Sofiyada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı keçirilmişdir
Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşəbbüsü ilə Sofiyada Bolqarıstanın Ehtiyatda olan zabitlər və serjantlar İttifaqında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin qeyd olunması çərçivəsində səfir N.Qurbanova “AXC-nin yaradılması və 1991-ci ildə müstəqilliyin yenidən bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolu” mövzusunda məruzə ilə çıxış etmiş və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Bolqarıstanın Ehtiyatda olan zabitlər və serjantlar İttifaqının sədri general Zlatan Stoykov Azərbaycan tarixi barədə dərindən məlumat əldə etmək imkanı yaratdığına görə səfir N.Qurbanovaya təşəkkürünü bildirmiş və Səfirliyin bu təşəbbüsünü təqdirəlayiq hal kimi qiymətləndirmişdir. Belə tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd edən general rəhbərlik etdiyi İttifaq ilə Səfirlik arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümid ifadə etmişdir.
Tədbirdə çıxış edən səfir N.Qurbanova cari ildə ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda müsəlman Şərqində və türk dünyasında ilk parlament respublikası olan AXC-nin yaradılmasının 100-cü ildönümünün qeyd olunduğunu, AXC-nin yaradılmasının xalqımızın tarixində şanlı səhifələrdən biri olduğunu bildirmişdir. N.Qurbanova cəmi 23 ay yaşamasına baxmayaraq, AXC-nin qısa müddətdə həyata keçirdiyi tədbirlərin xalqımızın tarixində buraxdığı silinməz izlər, milli dövlətçilik ənənələrimizin bərpasında oynadığı böyük rol barədə tədbir iştirakçılarına məlumat vermişdir. AXC-nin öz mövcudluğu ərzində çox genişmiqyaslı demokratik islahatlara imza atdığını vurğulayan səfir 1918-ci ildə qadınlara seçib-seçilmək hüququ verərək AXC-nin bu məsələdə də bir çox dövlətlərə öncüllük etdiyini qeyd etmişdir.
N.Qurbanova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışından sitat gətirərək qeyd etmişdir ki, biz haqlı olaraq qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olmuşdur, bu gün də bu demokratik ənənələr davam edir. Səfir Azərbaycan xalqının yalnız qədim tarixə və demokratik ənənələrə deyil, həmçinin zəngin mədəniyyət, ədəbiyyat, incəsənət və musiqiyə malik olduğunu söyləyərək cari ildə Azərbaycan milli teatrının 145, kinematoqrafiyasının 120, operasının 110 illik yubileylərinin ölkəmizdə böyük təntənə ilə qeyd olunduğu barədə söz açmışdır.
Sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın daima müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin həmişə sülh, əmin-amanlıq, tolerantlıq şəraitində birgə yaşadığı məkan olduğunu söyləyən səfir bu gün də Azərbaycanın mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğinə və qlobal və regional səviyyədə beynəlxalq münasibətlərə böyük töhfələr verdiyindən bəhs etmişdir.
AXC-nin süqutundan 71 il sonra, 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edərək dünya ictimaiyyətinə müstəqil dövlət kimi qoşulduğu bildirən N.Qurbanova müstəqilliyimizin ilk illərinin çox ağır bir duruma təsadüf etdiyini təəssüf hissi ilə qeyd etmişdir. Səfir tarixən erməni millətçilərinin Azərbaycan torpaqlarına göz tikməsi, onların əsrlər boyu Ermənistanda yaşayan soydaşlarımızı zorla deportasiya etməsi, ölkəmizə qarşı hərbi təcavüz edərək ərazimizin 20%-ni işğal etməsi və bunun nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə, minlərlə həmvətənlərimizin, o cümlədən uşaqların, qadınların və yaşlıların ölümünə səbəb olması barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Səfir davam etmişdir ki, bütün bu çətinliklərə baxmayaraq son 25 il ərzində Azərbaycan çox uğurlu bir inkişaf yolunu keçərək qlobal və regional proseslərə böyük töhfə verən ölkəyə çevrilmişdir. O, bu uğurlu siyasətin əsasını Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu və daha sonra onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini əlavə etmişdir.
Daha sonra səfir Azərbaycanın bir çox iri miqyaslı layihələrə imza atması, hal-hazırda ölkəmizin Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Avropa və Asiya arasında beynəlxalq yük daşımalarının təşviq edilməsi və Avropanın enerji təhlükəsizliyini təmin edəcək Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması üzrə apardığı çalışmalardan danışmışdır.
N.Qurbanova bütün bunların ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin uğurlu bəhrəsi olduğunu vurğulayaraq ölkəmiz üçün çətin bir dövrdə Heydər Əliyev kimi təcrübəli siyasətçi və dövlət xadiminin xalqın iradəsi ilə yenidən 1993-cü ilin iyun ayında hakimiyyətə gələrək və bu mürəkkəb vəzifəni üzərinə götürərək Azərbaycanı çətin durumdan çıxardığını qeyd etmişdir. O, cari ilin 10 may tarixində bu dahi şəxsiyyətin anadan olmasının 95 illiyinin qeyd olunması və onun əziz xatirəsinin xalqımız tərəfindən dərin hörmət və ehtiramla yad edilməsindən söz açmışdır.
Azərbaycan və Bolqarıstan arasında dostluq əlaqələrinə toxunan səfir 4 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sofiyaya rəsmi səfəri zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalandığını xatırlamış, Azərbaycan ilə Bolqarıstan arasında həm energetika, həm də qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu əlavə etmişdir. Son nailiyyətlərdən biri kimi 16 yanvar 2018-ci il tarixindən etibarən fəaliyyətə başlamış və Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti olan “Buta Airways” şirkəti tərəfindən həyata keçirilən Bakı-Sofiya birbaşa hava əlaqəsini nümunə göstərmişdir.
Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfə ilə yanaşı, İslam dünyasındakı rolu və nüfuzundan da bəhs edən səfir Azərbaycanın 5 minillik tarixə malik qədim şəhəri olan Naxçıvan şəhərinin 2018-ci il İslam dünyasının mədəniyyəti paytaxtı elan edilməsi barədə məlumat vermiş, şəhərin “İslam mədəniyyətinin paytaxtı” adına layiq görülməsinin Azərbaycan xalqının tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymətin nəticəsi olduğunu əlavə etmişdir.
Tədbirdə nümayiş olunan “Əbədi ezamiyyət” sənədli filmi ilə bağlı səfir bildirmişdir ki, sözügedən film AXC-nin 1919-cu ilin yanvarında Paris Sülh Konfransına Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. O davam etmişdir ki, filmdə nümayəndə heyətinin gərgin əməyi və Azərbaycanın müstəqilliyi uğrunda apardığı mücadilənin tarixi əks olunmuşdur.
Sonra film nümayiş olunmuş və izləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır. Film nümayişindən sonra ziyafət təşkil olunmuşdur.