Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Sofiyada “Dostluğun sehri” II Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin qaliblərini mükafatlandırıb
1 noyabr tarixində Sofiyada “Nağıl dünyası” rəsm atelyesinin müxtəlif ölkələrdə keçirilmiş müsabiqələrdə qalib gəlmiş gənc rəssamlarının mükafatlandırması mərasimi baş tutmuşdur. Mərasim çərçivəsində həmçinin qaliblərin əsərlərindən ibarət sərgi nümayiş olunmuşdur. Sərgidə 5-16 yaş arası uşaqların 70-ə yaxın əsəri təqdim olunmuşdur. Atelyenin gənc rəssamları Azərbaycan, Yaponiya, Rumıniya, Çexiya, həmçinin Bolqarıstanda keçirilmiş beynəlxalq müsabiqələrdə iştirak edərək müxtəlif mükafatlara layiq görülmüşlər.
Mərasimdə Azərbaycan və Çexiyanın Bolqarıstandakı səfirləri iştirak etmişlər.
Tədbirdə çıxış edən N.Qurbanova bütün qalibləri, xüsusilə 2017-ci il Bakıda keçirilən “Dostluğun sehri” II Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin qaliblərini təbrik edərək, gənc istedadlara yeni yaradıcılıq nailiyyətləri arzu etmişdir. O, Bolqarıstanın gənc rəssamlarının Azərbaycanda keçirilən “Dostluğun sehri” II Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinə böyük maraq göstərdiyini və davamlı olaraq bu müsabiqədə iştirak etdiyini məmnuniyyətlə vurğulamışdır. Səfir 40-dan çox kiçik bolqar rəssamın cari ildə də keçirilən müsabiqədə iştirak etdiyinə diqqət çəkərək bu rəqəmin müsabiqəyə artan marağın göstəricisi olmaqla yanaşı həm də Bolqarıstan incəsənətinin Azərbaycanda təbliği baxımından böyük əhəmiyyət daşıdığını söyləmişdir.
N.Qurbanova tədbir iştirakçılarına Bolqarıstanın Qara dəniz sahilində yerləşən ən qədim şəhərlərindən olan Sozopol şəhərində keçirilmiş “Soleil” 8-ci Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində baş tutmuş plenerdə həmçinin Azərbaycandan da rəssamların – Bəhruz Kəngərli və Bəhram Xəlilovun iştirak etməsi, onların əsərlərinin festival çərçivəsində təşkil olunmuş sərgidə nümayiş edilməsi və böyük rəğbətlə qarşılanması barədə məlumat vermişdir.
Səfir mədəni sahədə bu cür tədbirlərin keçirilməsi və qarşılıqlı olaraq belə tədbirlərdə iştirakın ölkələrimiz arasında ikitərəfli əlaqələrin dərinləşməsinə əlavə töhfə verməklə əməkdaşlığın güclənməsinə şərait yaratdığını söyləmişdir.
Sonda səfir “Dostluğun sehri” I Beynəlxalq Uşaq Rəsm müsabiqəsinin qaliblərinə diplom və medalları təqdim etmişdir. Qeyd edək ki, sözügedən müsabiqədə Bolqarıstandan 4 uşaq müxtəlif yerlərə layiq görülmüş və diplomlarla təltif edilmişdir.