news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 may 2019

Azərbaycanın Bolqarıstandakı Səfirliyi müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edib

Azərbaycanın Bolqarıstandakı Səfirliyi Bolqarıstanın Omurtaq Bələdiyyəsinin inzibati ərazisinə daxil olan Obitel kəndində mübarək Ramazan ayı münasibətilə müxtəlif dinlərin nümayəndələrinin iştirakı ilə iftar süfrəsi təşkil etmişdir.

Tədbirdə Omurtaq bələdiyyəsinin daxil olduğu Tırqovişte vilayətinin qubernatoru Mitko Staykov, Bolqarıstan Respublikasının Xalq Məclisinin deputatı İmren Mehmedova, Bolqarıstan Respublikasının (BR) Baş müftisinin müavini Ahmed Hasanov, Omurtaq şəhərinin meri Eşref Eşrefov, Tırqovişte şəhərinin meri Darin Dimitrov, Tırqovişte vilayətinin arxiyepiskopu Stavço Prodanov, Omurtaq şəhərində “Müqəddəs Dimitır” kilsəsinin keşiri Krasimir Andonov, Tırqovişte vilayətinin müftisi Nazif Rasimov, eləcə də yəhudi icmasının nümayəndələri və yerli kənd sakinləri iştirak etmişlər.

400 nəfərə yaxın insanın qatıldığı iftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır. Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova mərasimdə təkcə İslam deyil, digər dinlərin nümayəndələrini də görməkdən məmnunluğunu ifadə edərək ölkəmizdə Ramazan ayında müxtəlif din nümayəndələrinin iştirakı ilə iftar süfrələrinin təşkilinin ənənə halını aldığını söyləmiş və bu gözəl ənənənin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini əlavə etmişdir.

Səfir davam etmişdir ki, Azərbaycan müstəqil dünyəvi dövlətdir və ölkəmizdə dünyəvi dövlətçiliyin tarixi 100 il bundan əvvələ dayanır. N.Qurbanova bir neçə gün sonra 28 may 1918-ci il tarixində yaradılmış və müsəlman və türk dünyasında ilk dünyəvi parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünün qeyd ediləcəyini vurğulamışdır.

Azərbaycanın müsəlman dünyasının bir parçası olduğunu söyləyən səfir ölkəmizin uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən olmaqla yanaşı, müsəlman aləmində böyük nüfuza sahib olduğunu qeyd etmişdir. O, dünyada ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidinin məhz Azərbaycanda yerləşdiyi, hazırda ölkəmizdə 2000-dən artıq məscidin fəaliyyət göstərdiyi, Bakıda Cənubi Qafqazın ən möhtəşəm məbədi olan Heydər məscidinin inşa edildiyi barədə məlumat vermişdir. N.Qurbanova ölkəmizin həmçinin dünyada islam dəyərlərinin təbliğinə böyük töhfələr verdiyini qeyd edərək 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasının bunun bariz sübutu olduğunu əlavə etmişdir. O davam etmişdir ki, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmiş və İslam Həmrəyliyi Oyunları keçirilmişdir.

Daha sonra ölkəmizdə təkcə İslam deyil, digər dinlərin də nümayəndələrinin sərbəst etiqadı üçün şərait yaradıldığını vurğulayan səfir tədbir iştirakçılarını əsrlər boyu Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələrinin bir ailə kimi yaşayaraq ölkəmizin inkişafına dəyərli töhfələr verdiyi barədə məlumatlandırmışdır. O, Azərbaycanda məscidlərlə yanaşı, 14 kilsə və 7 sinaqoqun fəaliyyət göstərməsi, xristian dünyasının ən qədim məbədlərindən hesab olunan və eramızın I əsrinə aid edilən Kiş məbədinin məhz Azərbaycanda yerləşdiyi barədə danışmışdır. O bildirmişdir ki, ölkəmizdə xristianlığın tarixi, demək olar ki, Kiş məbədindən başlayır və bütövlükdə bu dinin tarixində həmin kilsənin xüsusi yeri var. Azərbaycanın 2 min ildir ki, yəhudi icması üçün vətən olduğunu xüsusi vurğulayan N.Qurbanova bir neçə il öncə ölkəmizdə Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzinin inşa edildiyini qeyd etmişdir.

Səfir davam etmişdir ki, multikulturalizm sadəcə bizim dövlət siyasətimiz deyil, eyni zamanda, həyat tərzimizdir, bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur, ölkəmizdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları təşkil olunur. Ölkələrimiz arasında münasibətlərə toxunan səfir müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı anlayış şəraitində birgə yaşadığı dost Bolqarıstanın bu forumlarda həmişə ən yüksək səviyyədə iştirak edərək dünyada multikulturalizm və tolerantlığa əhəmiyyətli töhfələr verdiyini vurğulamışdır. Səfir həmçinin cari ilin noyabr ayında Bakıda “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçiriləcəyini bildirərək Bolqarıstanın da din xadimlərini də həmin mötəbər tədbirdə görməkdən məmnun olacağını ifadə etmişdir.

Omurtaq şəhərinin meri E.Eşrefov Səfirlik tərəfindən təşkil edilmiş iftar mərasimini yüksək qiymətləndirərək belə bir təşəbbüsün məhz Obitel kəndində həyata keçirilməsindən məmnunluğunu bildirmiş və təşəkkürünü ifadə etmişdir. Səfirliyin təkcə paytaxt Sofiya ilə deyil, bölgələr ilə əməkdaşlığının təqdirəlayiq olduğunu qeyd edən mer bu əlaqələrin davamlı olacağına inamını bildirmiş və kənd sakinlərinin böyük həvəslə tədbirə qatıldığını əlavə etmişdir.

Daha sonra çıxış edən BR Baş müftisinin müavini A.Hasanov və Tırqovişte vilayətinin müftisi N.Rasimov iftar süfrəsinin təşkilinə görə səfir N.Qurbanovaya minnətdarlıqlarını bildirmiş və müqəddəs Ramazan ayının insanlara sülh, şəfqət və xeyirxahlıq aşıladığını bildirmişlər. Tədbirdə yalnız müsəlman deyil, digər dinlərin də nümayəndələrinin təmsil olunmasının əhəmiyyətinə toxunan din xadimləri bunun müxtəlif dinlər arasında hörmət və birlik rəmzi olduğunu vurğulamışlar. Həmçinin hər il Bolqarıstanın Prezidenti Rumen  Radev tərəfindən də mübarək Ramazan ayında iftar mərasimlərinin təşkil edildiyini söyləmişlər.

Tədbirdə qonaqlara yerli yeməklərlə yanaşı, Azərbaycan milli mətbəxinin ləziz nümunələri təqdim olunmuş və onlar tərəfindən rəğbətlə qarşılanmışdır. Mərasim Bolqarıstan KİV-lərində işıqlandırılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti