Azərbaycanın Bolqarıstandakı Səfirliyi Sofiyada “Diplomatiya üçün incəsənət” layihəsində iştirak edib
Sofiyada Azərbaycanın Bolqarıstandakı Səfirliyi və Bolqarıstanın istedadlı rəssamlarından olan Petya İlievanın birgə təşəbbüsü ilə “Diplomatiya üçün incəsənət” layihəsi həyata keçirilmişdir. Layihədə Bolqarıstanda akkreditə olunan 30-a yaxın diplomatik nümayəndəlik iştirak etmişdir.
Şəhər incəsənəti üslubunda olan “Diplomatiya üçün incəsənət” layihəsinin məqsədi müxtəlif ölkələrdən olan folklor motivlərini Bolqarıstan nümunələri ilə bir araya gətirərək onlar arasında bənzərlikləri nümayiş etdirməkdir. İlkin mərhələdə paytaxt Sofiyanın mərkəzi hissələrində yerləşən elektrik qutularının üzərində Bolqarıstan və hər iştirakçı ölkənin motivlərindən ibarət foto kollajlar yerləşdirilmişdir.
Ölkəmizin çoxəsrlik xalçaçılıq ənənələrini nəzərə alaraq, Səfirlik layihədə Qarabağ xalçaçılıq məktəbinin nümunəsi olan “Çələbi” xalçası ilə təmsil olunmuşdur. “Çələbi” xalçası və Bolqarıstan xalçaçılıq nümunəsindən ibarət foto kollaj şəhərin əsas meydanında - Bolqarıstan Elmlər Akademiyasının yanında yerləşdirilmişdir.
Növbəti mərhələdə isə Bolqarıstanın Mədəniyyət Nazirliyinin “Sredetz” Qalereyasında həmin foto kollajlardan ibarət sərgi təşkil edilmişdir. Sərgidə Bolqarıstan Mədəniyyət Nazirliyi, Baş Müftiliyi, digər dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV,QHT nümayəndələri və incəsənət xadimləri iştirak etmişlər.
Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova Azərbaycanda xalçaçılığın qədim tarix və zəngin ənənələrə malik olduğunu vurğulayaraq ölkəmizdə coğrafi mövqe, rəng, dizayn, kompozisiya və digər xüsusiyyətlərə görə 7 xalçaçılıq məktəbinin mövcud olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, əsrlər boyu xalçaçılığın ölkəmizdə mədəniyyət və dekorativ tətbiqi sənətin vacib elementlərindən olduğu barədə məlumat vermişdir. Səfir Azərbaycan xalçalarının keyfiyyət və bədii dəyərinə görə dünyada məşhur olduğunu və bu qədim sənətin görkəmli nümunələrinin bir çox məşhur dünya muzeylərində saxlanıldığını əlavə etmişdir. Daha sonra o, Azərbaycan xalçaçılıq sənətinin 2010-cu ildə YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına salındığını, dünyada ixtisaslaşmış ilk xalça muzeyinin 1967-ci ildə Azərbaycanda yaradıldığını söyləmişdir.