Azərbaycanın Müstəqillik Günü Sofiyada qeyd olunub
Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Sofiya şəhərində 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
Tədbirdə Bolqarıstan Respublikasının nazirləri, Prezident Administrasiyası və Nazirlər Kabinetinin yüksəkvəzifəli nümayəndələri, Xalq Məclisinin üzvləri, dövlət qurumlarının rəhbərləri, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, media qurumlarının rəhbərləri, iş adamları, diplomatik korpusun rəhbər nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Ölkəmizin Bolqarıstandakı səfiri Hüseyn Hüseynov 28 May – Müstəqillik Gününün Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolundan bəhs edərək, müsəlman dünyasında ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində Azərbaycanın milli dövlət təsisatlarını yaratdığını, milli müstəqillik ideyalarını Azərbaycan cəmiyyətində bərqərar etdiyini, eləcə də dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquq və azadlıqları, o cümlədən qadınlara seçki hüququnu bir çox Qərb ölkələrindən əvvəl təmin etdiyini vurğulayıb.
Səfir, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müasir Azərbaycan Respublikasının Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası, uğurlu daxili və xarici siyasət nəticəsində qısa müddət ərzində böhrandan çıxaraq siyasi, iqtisadi, sosial və mədəni tərəqqi yoluna qədəm qoyduğunu, bu gün də Azərbaycanın inkişaf yolunda sabit addımlarla irəliləyərək dünyanın etibar olunan, nüfuzlu dövlətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının həmsədri, Bolqarıstanın energetika naziri Jeço Stankov ölkəsinin Azərbaycanla tərəfdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini və Azərbaycanın özünü dünya miqyasında etibarlı tərəfdaşı kimi təsbit etdiyini qeyd edib, həmçinin Azərbaycan-Bolqarıstan əlaqələrinin bundan sonra da yüksək xətlə inkişaf edəcəyi əzmində olduğunu bildirib.
Tədbirdə Azərbaycanın xalq və klassik musiqi əsərlərindən nümunələr səsləndirilib.
Rəsmi qəbul yerli media orqanları tərəfindən geniş işıqlandırılıb.