Azərbaycanlı gənc rəssamlar Bolqarıstanda keçirilən beynəlxalq uşaq rəsm müsabiqəsinin qalibləri olmuşlar
Sofiya şəhərində “Mən fəlakəti gözlərimlə gördüm” beynəlxalq uşaq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Mərasimdə Bolqarıstan Respublikasının (BR) daxili işlər nazirinin (DİN) müavini Milko Berner, BR DİN-nin “Yanğın təhlükəsizliyi və əhalinin mühafizəsi” Baş Direktorluğunun rəhbəri Nikolay Nikolov, Milli Uşaq Sarayının direktoru Tanya Doseva iştirak etmiş və qaliblərə mükafatları təqdim etmişlər.
Tədbir Avropa Şurasının Avropa və Aralıq Dənizi Böyük Təhlükələr Sazişi üzrə Katibliyinin (EUR-OPA) dəstəyi ilə təşkil olunmuşdur. Mərasimin təşkilatçıları BR DİN-nin “Yanğın təhlükəsizliyi və əhalinin mühafizəsi” Baş Direktorluğu, BR Təhsil və Elm Nazirliyi və Milli Uşaq Sarayıdır.
Tədbirdə çıxış edən nazir müavini M.Berner sözügedən təşəbbüsdə iştirak uşaqları təbrik edərək bədii incəsənətin ifadə vasitələri ilə xilasedici fəaliyyətlərdə dramatik anları qələmə alan gənc yaradıcıların bacarıqlarına heyran olduğunu bildirmişdir. Uşaqlara bu ilhamlarının davamlı olmalarını arzu edən nazir müavini BR DİN-nin “Yanğın təhlükəsizliyi və əhalinin mühafizəsi” Baş Direktorluğu tərəfindən hazırlanan mükafat və sertifikatları qaliblərə təqdim etmişdir.
Müsabiqənin beynəlxalq hissəsində Azərbaycan, Yunanıstan, İraq, İran, Çin, Serbiya, Filippin və digər ölkələrdən nümayəndələr təmsil olunmuşdur. Müsabiqəyə Azərbaycandan qatılan Respublika İncəsənət Gimnaziyasının şagirdi Finara Nəzərova və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdi Fidan Kəbirlinskaya müvafiq olaraq birinci yer və xüsusi mükafata layiq görülmüşlər.