Bakı ilə Sofiya arasında birbaşa hava əlaqəsinin Bolqarıstanda təşviqi
AR Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2018-ci ilin yanvar ayından etibarən “Buta Airways” şirkəti tərəfindən Bakı-Sofiya istiqaməti üzrə birbaşa aviareysin açılması nəzərdə tutulur. Aviareysin Bolqarıstanda təşviqi, eləcə də Azərbaycanın turizm potensialının bu ölkədə tanıdılması məqsədilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin dəstəyi, “Bulgaria APG” və “Buta Airways” şirkətlərinin birgə təşkilatçılığı ilə Beynəlxalq Aviasiya Günü 7 dekabr tarixində Sofiyada iki ölkə arasında açılacaq birbaşa hava əlaqəsinin təqdimatı keçirilmişdir.
120 nəfərin iştirak etdiyi bu tədbirə Bolqarıstanın 44-cü xalq məclisinin sədr müavini Valeri Jablyanov, Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Həmid Həmid və sədr müavini Dimitr Qeorgiyev, Bolqarıstanın Ticarət və Sənaye Palatasının baş katibi Vasil Todorov, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının Mərkəzi Asiya üzrə regional meneceri Yordan Karamalakov, Bolqarıstanın Xarici İşlər, İqtisadiyyat, Energetika, Nəqliyyat İnformasiya Texnologiyaları və Rabitə nazirliklərinin nümayəndələri, avia və turizm şirkətlərinin təmsilçiləri, tur operatorlar və Bolqarıstanın Milli Televiziya, Bloomberg TV Bolqarıstan, “Bulgaria On Air” daxil olmaqla 10-a yaxın KİV nümayəndələri iştirak etmişlər.
Tədbirin açılış hissəsində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Nərgiz Qurbanova, Bolqarıstan Respublikasının turizm nazirinin müavini İrena Qeorqiyeva və “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə iştirak etmişlər. N.Qurbanova iki ölkə arasında yüksək səviyyəli strateji tərəfdaşlığın mövcudluğunu vurğulayaraq Azərbaycan ilə Bolqarıstan əlaqələrində nəqliyyat sahəsinin prioritet istiqamətlərdən hesab edildiyini bildirmişdir. Ölkəmiz tərəfindən və onun iştirakı və maliyyələşdirilməsi ilə həyata keçirilən beynəlxalq nəqliyyat layihələrindən söz açan səfir 30 oktyabr 2017-ci il tarixində Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və bu layihənin Bolqarıstan və daha geniş coğrafiya ölkələrinə faydası, eləcə də Azərbaycanın qatıldığı, Bolqarıstanın isə müşahidəçi statusunda iştirak etdiyi Şimal-Cənub layihəsi haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır. N.Qurbanova ölkəmizin turizm potensialı barədə məlumat verərək hər iki tərəfin açılacaq reysdən həm də tranzit məqsədilə faydalana biləcəyini vurğulamışdır. “Buta Airways” şirkətinin Avropa İttifaqı xaricindən Bolqarıstana uçan ilk aşağı büdcəli aviaşirkət olacağını, eləcə də “Buta Airways” şirkətinin Avropa İttifaqı ölkələri arasında birinci məhz Bolqarıstana uçacağını qeyd edən səfir Bakı ilə Sofya arasında birbaşa hava əlaqəsinin iki ölkə arasında siyasi, mədəni, biznes və iqtisadi əlaqələrin gücləndirilməsinə töhfə verəcəyini bildirmişdir.
İ.Qeorqiyeva Bolqarıstanın turizm potensialından, eləcə də son illərdə bu sahənin intensiv inkişafından bəhs edərək ölkəsinin Azərbaycan üçün maraqlı turizm istiqaməti olacağını, birbaşa hava əlaqəsinin iki ölkə arasında turizmin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini qeyd etmişdir. O, Bolqarıstanın Turizm Nazirliyinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə həm ikitərəfli əsasda, həm də Ümumdünya Turizm Təşkilatı daxil olmaqda çoxtərəfli formatda sıx əməkdaşlıq etdiyini bildirmişdir. Hər iki ölkədə təşkil olunan turizm sərgilərində müqabil tərəfin fəal iştirakının alğışlandığını qeyd edən nazir müavini cari ilin aprel ayında Bakıda baş tutmuş 17-ci Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisində Bolqarıstanın milli stendlə təmsil olunduğu və bu stendin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən ziyarət edildiyini xüsusi vurğulamışdır.
C.Manizadə “Buta Airways” avia şirkətinin artıq 1 il fəaliyyət göstərdiyini, bu müddət ərzində şirkətin təhlükəsiz, müntəzəm və kommersiya cəhətdən cəlbedici xidmət təklif edərək kifayət nailiyyətlər əldə etdiyini qeyd etmişdir. Bakı-Sofiya-Bakı birbaşa hava əlaqəsinin açılması ilə bağlı hazırda aparılan işlər barədə məlumat verən C.Manizadə bu reysin uğurlu və davamlı olacağına ümidi ifadə etmişdir.
Daha sonra “Buta Airways” şirkətinin nümayəndələri tərəfindən şirkət, onun fəaliyyəti, Heydər Əliyev adına beynəlxalq hava limanı, eləcə də həyata keçiriləcək uçuş haqqında tədbir iştirakçıları ətraflı məlumatlandırmışdır. Tədbir “SilkWay Travel” şirkətinin Azərbaycanın turizm potensialını əhatə edən təqdimatı və iştirakçılar üçün hədiyyələr nəzərdə tutan lotereya ilə davam etdirilmişdir. Sonda, nahar zamanı, Azərbaycan şərab və şirniyyatların dequstasiyası təşkil edilmişdir.
Bakı-Sofiya-Bakı birbaşa reysin təbliğatı məqsədilə Səfirlik tərəfindən aparılan fəaliyyət çərçivəsində 4 dekabr 2017-ci il tarixində səfir Nərgiz Qurbanova Bolqarıstanın aparıcı “Bloomberg TV Bulgaria” telekanalının “İnkişafda” adlanan verilişində müsahibə vermişdir. Müsahibə zamanı səfir enerji sahəsində əməkdaşlığın Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin aparıcı sahə olduğuna diqqət çəkərək iki ölkə arasında imzalanmış Sazişə əsasən 2020-ci ildə təchizatın başlanması planlaşdırılan illik 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstanın qaza olan tələbatının 1/3 hissəsini ödəyəcəyini qeyd etmişdir. 2015-ci ildə Azərbaycanla Bolqarıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin vacibliyini vurğulayan N.Qurbanova bu sənədin ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirmişdir. Nəqliyyatın prioritet sahələrdən biri olduğunu, Bolqarıstanın Azərbaycan tərəfindən Avropa İttifaqı bazarına giriş kimi qiymətləndirildiyini, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı yaratdığını bildirən səfir Bakı-Tbilisi-Qars (BTK) dəmir yolunun açılışı və dəmir yolunun Asiya ilə Avropa arasında yük və sərnişin daşımaları üçün açdığı tarixi imkanlardan bəhs etmişdir. Səfir Avropa İttifaqının BTK ilə bağlı bəyanatında Bolqarıstanın xüsusi vurğulandığı qeyd etmiş, bu ölkənin müşahidəçi qismində iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi barədə də məlumat vermiş, İKT, turizm, kənd təsərrüfatı sahəsində mövcud imkanlardan bəhs etmişdir.
Müsahibə zamanı səfir həmçinin bildirmişdir ki, Bakı-Sofiya-Bakı hava əlaqəsinin açılması yalnız iki ölkənin avia qurumları arasında əməkdaşlığın yaradılması deyil, həm də insanların bir araya gətirilməsi, ideya mübadiləsi, müxtəlif layihələrin birgə həyata keçirilməsi, iki ölkənin yaxınlaşması deməkdir. 2016-cı ildə 16000 Azərbaycan turistinin Bolqarıstana və 1300-ə yaxın bolqar turistin Azərbaycana səfər etdiyi bildirilmiş, açılacaq reysin həm iki ölkədə turizmin inkişafı, həm də ölkələrin tranzit potensialının genişlənməsinə töhfə verəcəyi qeyd olunmuşdur.
Verilişdə həmçinin turizm sahəsinə diqqət ayrılmışdır. Səfir Azərbaycanın təbiəti, qonaqpərvərliyi, ölkədə mövcud turizm növləri və mövcud infrastruktur və şərait barədə ətraflı məlumat vermişdir. N.Qurbanova davam etmişdir ki, Bolqarıstan Azərbaycan turistləri üçün cəlbedici istiqamətdir və onlar Bolqarıstanda çimərlik, xizək, balneologiya, mədəni turizm və digər istirahət mərkəzlərinin mövcudluğu barədə məlumatlıdırlar.
Səfirliyin fəaliyyətində Azərbaycanın turizm sahəsinin Bolqarıstanda təbliğinə xüsusi diqqətin ayrıldığını qeyd edən N.Qurbanova 2017-ci ilin fevral ayında “Holiday&SPA EXPO” adlı 34-cü Beynəlxalq Turizm Sərgisi, aprel ayında Veliko Tırnovo şəhərində keçirilmiş “Mədəni Turizm” adlı 14-cü Beynəlxalq Turizm Sərgisində ölkəmizin təmsil olunduğunu bildirmişdir. Bundan əlavə, Bolqarıstanın Plovdiv şəhərində keçirilən “VİNARİA” 25-ci Beynəlxalq Üzümçülük və Şərab İstehsalı Sərgisi çərçivəsində baş tutmuş müsabiqədə “Hillside” qırmızı turş şərabın gümüş medala və sertifikata layiq görüldüyü, bundan əlavə dekabrın 2-də keçirilmiş 5-ci Balkan Rakia və Spirtli İçkilər festivalı çərçivəsində Azərbaycan istehsalı olan spirtli içkilərin təqdimatının keçirildiyi diqqətə çatdırılmışdır. Sonda səfir ölkəmizdə mədəni-tarixi irsin və ətraf mühitin qorunması istiqamətində aparılan siyasət və görülən tədbirlər haqqında məlumat vermişdir.
Müsahibə www.bloombergtv.bg/video/nargiz-gurbanova-za-novata-liniya-sofiya-baku internet ünvanında yerləşdirilib.