Bolqarıstan mətbuatı Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərindən yazıb.
Bolqarıstan mediasında bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin mahiyyətinə və səbəblərinə dair materiallar dərc olunub.
Yerli mətbu orqanlarında yayılan məlumatlarda növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsas səbəbi kimi onun Azərbaycanın bütün ərazisini əhatə edəcək ilk seçkilər olacağı göstərilir. Diqqətə çatdırılır ki, Azərbaycanın Qarabağ müharibəsində qazandığı qələbə, Azərbaycanın iqtisadi yüksəlişi və beynəlxalq uğurları xalqın yürüdülən siyasi xəttinin davam etdirilməsinə səs verəcəyini göstərir.
Yazılarda bu seçkilərin Azərbaycanın ərazi bütövlüyünün və bütün torpaqları üzərində suverenliyinin bərpası ilə əlamətdar olan yeni bir mərhələnin əsasını qoyacağı vurğulanır, son 20 il ərzində Azərbaycanın dinamik inkişaf edən dövlətə çevrildiyi, müxtəlif sahələrdə böyük uğurlar qazandığı bildirilir.
Materiallarda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, “yaşıl enerji”yə keçid və regional bağlantıların inkişafı istiqamətində həyata keçirdiyi genişmiqyaslı fəaliyyətdən, həmçinin əldə olunan səmərəli nəticələrdən danışılır.