news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 yanvar 2019

Bolqarıstanda 20 yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi təşkil olunmuşdur

18 yanvar 2019-cu il tarixində Sofiya şəhərində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi yad edilmişdir.

Anım mərasimində Bolqarıstan Müsəlmanları İslam Şurasının sədri, Bolqarıstan Respublikası Müsəlmanlar Diyanəti Baş Müftiliyinin təmsilçisi, Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, tələbələr və “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri iştirak etmişlər.

Mərasimi giriş sözü ilə açan Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Nərgiz Qurbanova Azərbaycan xalqının tarixinə qızıl qanla yazılmış 1990-cı il 20 Yanvar hadisələrindən artıq 29 ilin ötdüyünü ifadə edərək faciənin ildönümündə iştiraka görə qonaqlara minnətdarlığını bildirmişdir. Səfir vurğulamışdır ki, 20 Yanvar faciəsi tarixə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız insanların qəddarcasına qətlə yetirilməsi, hərbi təcavüz və cinayətə məruz qalması, eyni zamanda bir xalqın milli azadlığı və müstəqilliyi uğrunda mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə yüksəlməsi kimi daxil olmuşdur.

Sovet rejimi hərb maşınının istiqlaliyyət, azadlıq, suverenlik istəyi ilə yaşayan Azərbaycan xalqının iradəsini qırmaq, demokratiya tələblərini boğmaq üçün 20 yanvar 1990-cı il tarixində qabaqcadan hazırlanmış təcavüzkarlıq aktını həyata keçirərək ağır cinayət törətdiyi bildirən N.Qurbanova faciənin ötən əsr boyu xalqımıza qarşı yürüdülmüş məkrli siyasətin növbəti təzahürü olduğunu qeyd etmişdir. Səfir vurğulamışdır ki, Sovet rəhbərliyinin himayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başladığı əsassız ərazi iddiaları, 250 mindən artıq soydaşımızın Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması, onlara qarşı repressiya və etnik dözümsüzlük, Azərbaycanı parçalamaq və torpaqlarını zəbt etmək təşəbbüsləri bu siyasətin digər təzahürü olmuşdur.

N.Qurbanova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələrinin Bakı şəhəri və Azərbaycanın bir neçə rayonuna yeridildiyini qeyd edərək xüsusi təyinatlı dəstə və daxili qoşunların iri kontingentinin qəddarlıqla Bakını zəbt etdiyini diqqətə çatdırmışdır. Günahsız insanların gülləbaran edilməsi əməliyyatının SSRİ Müdafiə və Daxili İşlər Nazirliklərinin xüsusi təyinatlıları və Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil oldunduğunu xatırladan səfir o zamankı SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla, sovet rəhbərliyinin Bakıda “erməni kartı”ndan məharətlə istifadə etdiyini, onları və hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq bəhanəsi ilə silahlı dəstələri şəhərə yeritdiyini qeyd etmişdir. Əlavə olunmuşdur ki, SSRİ DTK-sının “Alfa” qrupu yanvarın 19-da respublika televiziyasının enerji blokunu partlatmış, digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış və beləliklə xalq məlumat almaq hüququndan məhrum edilmişdir.

Bu “cəza” tədbirinin şüurlu surətdə planlaşdırıldığını və vəhşicəsinə həyata keçirildiyini, hətta fövqəladə vəziyyətin tətbiqinin əhaliyə elan olunanadək 82 nəfərin amansızcasına qətlə yetirildiyini, 20 nəfər isə ölümcül yaralandığını qeyd edən səfir 20 Yanvar faciəsi zamanı 147 Azərbaycan vətəndaşının şəhid olduğunu, 744 nəfərin yaralandığını, 841 nəfərin isə  qanunsuz həbs edildiyini bildirmişdir.

Əməliyyat zamanı nəinki mülki şəxslərin öldürüldüyünü, evlər və ictimai yerlərin atəşə tutulduğunu, hətta təcili yardım maşınlarının tankların altına salınıb əzildiyini və yaralılara yardım göstərən tibb işçilərinin güllələndiyini xatırlayan səfir planlaşdırılmış bu cinayət əməliyyatını həyata keçirmək üçün keçmiş SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və başqa yüksək rütbəli hərbçilərin Bakıya gəldiklərini iştirakçıların diqqətinə çatdırmışdır.

Daha sonra Azərbaycan xalqının igid övladlarının əsl fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərərək, milli ideallar uğrunda birləşdiyi və sovet hərbçilərinin təcavüzünə qətiyyətlə sinə gəldiyi vurğulanmış və həmin qəhramanlıqlardan dənizçilərimizin mübarizliyi barədə danışılmışdır. 20 yanvar hadisələrdən dərhal sonra Xəzər gəmiçiliyinin 124 gəmisinin Bakı buxtasına yollanaraq dinc əhalinin öldürülməsinə etiraz etdiyini və “Sabit Orucov” gəmisində gələcək addımların əlaqələndirilməsi üçün 7 kapitandan ibarət olan fövqəladə komitənin yaradıldığını qeyd edən N.Qurbanova həmin dövrdə hərbi gəmilərin hərəkətlərinə müqavimət göstərməyə çalışan gəmilərin intensiv atəşə tutulduğunu və silahsız “Vodoley” mülki gəmisinin güllələrdən deşik-deşik edildiyini vurğulamışdır. Səfir əlavə etmişdir ki, bütün bunlar “SOS” siqnalı göndərmək qərarına gəlmiş kapitanları sındırmamış və onlar hər 30 dəqiqədən bir “Diqqət! Bakı yanır”, “Diqqət! Mən Bakıyam, məni yandırırlar!” “SOS” siqnalı ilə baş verən hadisələrlə bağlı məlumatları dünyaya çatdırmışlar.

Çıxışı zamanı səfir bu qanlı terror aktına ilk etirazın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən olunduğunu vurğulayaraq ulu öndərin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdiyini, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi kəskin ittiham etdiyini qeyd etmişdir. N.Qurbanova əlavə etmişdir ki, ümummilli liderin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunmuşdur. Nəticədə, 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi məhz ümummilli liderimizin təşəbbüsü ilə baş tutmuşdur. 

Daha sonra N.Qurbanova Azərbaycanın sınağa çəkildiyi 20 Yanvar hadisələri ilə xalqımızın iradəsinin sındırılmasına çalışılsa da, azadlıq eşqimiz sönmədiyini, igid oğul və qızlarımızın mübarizliyi və qanı hesabına tariximizdə yeni və şanlı bir səhifənin açıldığını, qısa zaman sonra isə azadlıq və müstəqillik həsrətinə son qoyulduğunu qeyd etmişdir.

Mərasimdə Azərbaycan müstəqilliyinin həqiqətə çevrilməsi naminə canlarını fəda etmiş soydaşlarımızın şücaətini əks etdirən və 29 il bundan öncə çəkilmiş real kadrların istifadə olunmuş sənədli film nümayiş olunmuşdur.

Tədbirin sonunda 20 Yanvar gecəsində canlarını qurban vermiş soydaşlarımızın əziz xatirəsinə ehsan süfrəsi açılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti