news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 fevral 2019

Bolqarıstanda keçirilmiş tədbirlərdə Azərbaycan dilinin gözəlliyindən bəhs edilmişdir

21 fevral 2019-cu il tarixində Bolqarıstanın Sofiya və Plovdiv şəhərlərinə ölkədəakkreditə olunmuş xarici ölkələrin diplomatik missiyaları,  mədəniyyət mərkəzləri və fəal ictimai dairələrin nümayəndələrinin iştirakı ilə Beynəlxalq ana dili gününə həsr olunmuş tədbirlər keçirilmişdir.

 

Sofiyada fəaliyyət göstərən Mədəni Qarşılıqlı Əlaqə Assosiasiyasının təşkilatçılığı ilə Sofiyada keçirilmiş tədbirdə Azərbaycanın Bolqarıstandakı Səfirliyinin əməkdaşları və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva-Mitreska, həmçinin onların ailə üzvləri iştirak etmişlər.

Tədbirdə bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitələrdən olan ana dilinin əhəmiyyətindən danışılmış, millətin özünəməxsusluğunun qorumasında onun müstəsna roluna vurğu edilmişdir.

Təqdimatdan sonra uşaqların dilindən ana dilini vəsf edən video çarx nümayiş olunmuşdur. Video çarxda Nərmin və Gülsüm Usubova bacıları tərəfindən Azərbaycan dilində təqdimata xüsusi yer verilmiş, ana dilimizə olan məhəbbət ifadə olunmuşdur. Azərbaycan təmsilçilərinin milli geyimlərdə hazırlanmış videoları onların səlis və gözəl ifadələri ilə birlikdə iştirakçıların geniş marağına səbəb olmuşdur.

Həmin gün Plovdiv şəhərinin icra hakimiyyəti, Plovdiv şəhərində fəaliyyət göstərən xarici ölkələrin Konsulları Assosiasiyası və Bolqar-Türk Ədəbiyyat Klubunun birgə təşkilatçılığı ilə Plovdiv şəhərinin Mədəniyyət Təqviminin bir hissəsi olaraq burada da Beynəlxalq ana dili günü qeyd olunmuşdur.

Şəhərdəki müxtəlif xalqların nümayəndələri, məktəb şagirdləri və ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin iştirakı ilə çox dilli musiqili-poetik proqram təşkil olunmuşdur. Bu çərçivədə Vilyam Şekspirin “Hamlet” əsərindən hissələr 36 dildə səsləndirilmişdir.

Tədbirdə ölkəmiz Azərbaycanın Bolqarıstandakı Səfirliyi tərəfindən təmsil olunmuş və əsərdən hissələr Səfirliyin əməkdaşı Zülfiyyə Əlizadə tərəfindən ana dilimizdə tamaşaçılar üçün oxunmuşdur.

Hər iki tədbirdə vurğulanmışdır ki, Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu xatırladır.  Dil ünsiyyət vasitəsi olsa da, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti və yaddaşıdır. Tədbirlər bədii kompozisiyalarla davam etmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti