Əziz həmvətənlər! Hörmətli soydaşlar! Dəyərli dostlar!
Bu gün fəxarət hissi ilə Azərbaycan Respublikasının Ali Baş Komandanı, möhtərəm Prezidentimiz İlham Əliyevin qədim Şuşa şəhərinin düşmən işğalından azad olunması ilə bağlı Azərbaycan xalqına müraciətinə şahid olduq.
Bu gün tarixi bir anı qeyd edir və möhtəşəm hisslər keçiririk. Çünki, Şuşa xalqımız üçün tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. Qarabağ xanlığının tarixi paytaxtı və mədəniyyət məbədi olan qədim Şuşa özü boyda möhtəşəm abidədir.
Şuşa heyrətamiz mənzərəsi, qeyri-adi relyefi ilə yanaşı, bütün Qarabağın, ümumiyyətlə bütün Azərbaycanın mədəniyyət, incəsənət renessansının vətəni kimi tarixə düşmüşdür. Hələ XIX əsrdə Bakı və Tiflis kimi böyük şəhərlər Qafqazın inzibati - sənaye şəhərləri olmuşdursa, Şuşa mədəniyyət və incəsənət paytaxtı adını qazanmışdır.
Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan gözəl Şuşa, eyni zamanda orta əsr şəhərsalma sənətinin qiymətli abidəsi və milli memarlıq incisi olmuşdur. Yəni, Şuşa sadəcə şəhər deyil, eyni zamanda Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir. Haqlı olaraq ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.
Bu gün Qarabağ xanlarının, xan qızı Natəvanın, Mir Möhsün Nəvvabın, Sadıxcanın, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Xan Şuşinskinin, Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Rəşid Behdudovun və adlarını sadalaya bilmədiğimizin neçə-neçə böyük incəsənət xadiminin ruhu şaddır. Artıq sevgi, fədakarlıq və sədaqət rəmzi kimi tanınan Xarıbülbül beşiyi Şuşada fərqli – daha fəxarətlə açacaq.
Gözün aydın Azərbaycan!
Eşq olsun Müzəffər Ali Baş Komandana!
Eşq olsun şanlı Azərbaycan Ordusuna!
Azərbaycan xalqı bu tarixi anları fəxarət duyğusu ilə qeyd edir. Bu tarixi gün münasibətilə Azərbaycan xalqını, dünya azərbaycanlılarını və bütün soydaşlarımızı ürəkdən təbrik edirik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ifadələrini qürur hissi ilə bəyan edirik:
“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”