news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 fevral 2022

No:036/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə məktub mübadiləsinə dair məlumatı

6 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında məktub mübadiləsi baş tutub.

 

Nazir Ceyhun Bayramov 30 il ərzində qarşılıqlı maraqlar üzərində inkişaf edən və strateji səviyyəyə yüksələn münasibətlərimizin siyasi, iqtisadi-ticarət, mədəni humanitar sahələrdə möhkəmləndiyini, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək istiqamətində mühüm nailiyyətlərin əldə edildiyini qeyd edib.

 

Azərbaycan və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipinə sadiq qalaraq, bir-birlərinin ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.

 

Nazir Ceyhun Bayramov qeyd edib ki, ölkələrimiz arasındakı münasibətlərin bugünkü səviyyəsi xalqlarımızın və dövlət başçılarımızın iradəsinə söykənir. Bu xüsusda, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində, 14 yanvar 2022-ci il tarixində Ukraynaya səfərinin ikitərəfli əlaqələrə verilən önəmin göstəricisi kimi vurğulanıb.

 

Nazir, iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan hərtərəfli strateji tərəfdaşlığın xalqlarımızın mənafeyinə uyğun olaraq yüksələn xətt üzrə daha da inkişaf edəcəyinə inam ifadə edib.

 

Nazir Dmitro Kuleba məktubunda dövlətlərimizin diplomatik münasibətlərimizin tarixini hələ bir əsr bundan öncə yazmağa başladığını, ötən müddət ərzində həm Ukraynada, həm də Azərbaycanda bir çox dəyişikliklər olduğunu qeyd edən nazir Kuleba, yalnız dostluq, hörmət və xüsusilə də, hər iki dövlətin suverenliyi və ərazi bütövlüyünə olan qarşılıqlı hörmətin dəyişməz olaraq qaldığını vurğulayıb. 

 

Azərbaycanın Ukrayna üçün etibarlı strateji tərəfdaşı olaraq qaldığını qeyd edən nazir, 
Ukrayna-Azərbaycan əməkdaşlığının, o cümlədən Xarici İşlər Nazirlikləri səviyyəsində mövcud əməkdaşlığın bundan sonra da etimad və qarşılıqlı anlayış əsasları ilə səmərəli şəkildə inkişaf edəcəyindən, birgə səylərin beynəlxalq arenada iddialı məqsədlərimizin gerçəkləşməsinə təsir edəcəyindən əminlik ifadə edib.

 

Nazirlər bir-birlərini təbrik edərək, iki dost xalqa sülh, əmin-amanlıq və rifah arzu ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti