No:038/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərdən yayınmaq cəhdi ilə bağlı açıqlaması
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin, 8 erməni əsilli hərbi qulluqçunun qaytarılması müqabilində birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın və onların basdırıldıqları kütləvi məzarlıqların yerləri barədə məlumatların Azərbaycan tərəfinə verilməsi barədə Ermənistanın öz üzərinə öhdəlik götürməməsinə dair 7 fevral 2022-ci il tarixli açıqlaması beynəlxalq humanitar hüquq normalarına və humanizm prinsipinə hörmətsizliyin ən ifrat nümunəsi kimi qiymətləndirilməlidir.
Ermənistan Xarici İşlər Nazirliyinə xatırladırıq ki, 1949-cu il Cenevrə Konvensiyası və onun muvafiq protokolları və bütövlükdə beynəlxalq humanitar hüquq normaları ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Ermənistan tərəfi sözügedən dövlətin silahlı qüvvələri tərəfindən sistemli surətdə qətlə yetirilən mülki və hərbi Azərbaycan vətəndaşları və onların kütləvi şəkildə basdırıldıqları məzarlıqların yerləri barədə məlumatları Azərbaycana tərəfinə təqdim etməyə borcludur.
Bir daha vurğulamaq istərdik ki, cari ilin 4 fevral tarixində Fransa Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşün gündəliyində duran əsas məsələlərdən biri məhz humanitar məsələlər olub. Bununla əlaqədar, Azərbaycan Prezidenti tərəfindən birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının taleyi barədə məlumat verilməsi və onların basdırıldığı kütləvi məzarlıqların yerlərinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyi diqqətə çatdırılıb və bu məsələyə Fransa və Avropa İttifaqı Şurasının prezidentləri tərəfindən dəstək ifadə olunub. İtkin düşmüş 4000-nə yaxın Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsinə görə məsuliyyət daşıyan Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə vəd verib.
Azərbaycan tərəfinin atdığı humanist addımların nəticəsi olaraq 1708 erməni hərbi qulluqçunun cəsədinin tapılaraq qarşı tərəfə təhvil verilməsi fonunda Ermənistanın inkarçılıq siyasətini davam etdirməsi, beynəlxalq humanitar hüquq əsasında, həmçinin 4 fevral 2022-ci ildə videoformatda keçirilmiş görüş zamanı üzərinə götürdüyü öhdəlikləri inkar etməsi mənəvi-etik və beynəlxalq hüquqi çərçivələrdən tamamilə kənara çıxır.
Bu müstəvidə humanizm prinsipinə sadiq qalan Azərbaycan Respublikası tərəfindən müvafiq hüquqi prosedurlar bitdikdən sonra Ermənistan tərəfinə təhvil verilən hərbi qulluqçuların yenə Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına “qayğısı” kontekstində xüsusi təəccüb doğurur.
Biz beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinə təzyiq göstərərək birinci Ermənistan-Azərbaycan müharibəsinin qanlı irsi olan itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirməkdə məsuliyyətli davranmağa və öz öhdəliklərinə əməl etməsini tələb etməyə çağırırıq.
Qeyd olunmalıdır ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən itkin düşmüş şəxslərin ailə üzvlərindən alınan DNT nümunələri əsasında 3000-dən artıq insanın DNK bazası yaradılmışdır.
Ermənistan tərəfindən veriləcək məlumatlar əsasında kütləvi məzarlıqlardan çıxarılacaq qalıqlar nəticəsində 30 ilə yaxın müddətdə barələrində heç bir məlumat verilməyən, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilə bilər.