news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 fevral 2022

No:041/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun İraq Respublikasının xarici işlər nazirinin müavini Nazar İsa Abdulhadi Əl-Xirullah ilə görüşünə dair məlumatı

9 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasının xarici işlər nazirinin müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Nazir Ceyhun Bayramov iki xalq arasında mövcud olan tarixi bağlar əsasında inkişaf edən ikitərəfli münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə inkişafını vurğulayıb. İki ölkə arasında siyasi dialoqun səviyyəsindən məmnunluqla danışan nazir, İraqlı həmkarı ilə ötən il ərzində müxtəlif beynəlxalq təbirlər çərçivəsində görüşlərinə istinad edib. Keçən il Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının Bakıda keçirilməsinin, habelə İraqın neft nazirinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığın genişlənməsinə müsbət töhvə verdiyi qeyd edildi.

 

Nazir, həmçinin qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların Azərbaycan tərəfindən icrası, azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin onilliklər sonra öz torpaqlarına geri dönməsi üçün lazımi işlərin görülməsi ilə bağlı məlumat verdi.

 

Nazir müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah ikitərəfli münasibətlərin inkişafına verilən əhəmiyyəti qeyd etdi. Mövcud siyasi dialoqun, o cümlədən xarici işlər nazirləri arasında təmasların intensivliyinin qorunub saxlanılmasının önəmli olduğu vurğulandı. Məcburi köçkünlər, habelə dağıdılmış ərazilərin bərpası məsələsində İraqın təcrübəsinin olduğunu söyləyən nazir müavini, bu təcrübəni Azərbaycanla bölüşməyə hazır olduğunu bildirdi. O, bölgədə aparılan bərpa işlər ilə əlaqədar, o cümlədən bölgədə gələcək sülh quruculuğu istiqamətində səylərinə görə Azərbaycanı təbrik etdi.

 

Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan Respublikası və İraq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərini səsləndirdi və bu xüsusda İraqlı həmkarına ünvanlandığı məktubu ünvan sahibinə çatdırması üçün şəxsən nazir müavininə təqdim etdi.

 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi apardılar.

 

Qeyd etmək istərdik ki, eyni gündə Azərbaycan Respublikası və İraq Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İclasda Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İraq tərəfindən isə xarici işlər nazirinin müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah başçılıq ediblər. Siyasi məsləhətləşmələr çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti