news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 mart 2022

No:099/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri ilə görüşünə dair məlumatı

11 mart 2022-ci il tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri arasında görüş keçirilib.

 

Görüş çərçivəsində nazir Ceyhun Bayramov İƏT-in sonuncu Aşqabad Sammitinin nəticələrini yüksək qiymətləndirib. Nazir, Azərbaycanın təşkilatla əməkdaşlığa əhəmiyyət verdiyini və qurumun ölkəmizdə iki ixtisaslaşmış təşkilatının yerləşdiyini vurğulayıb. Təşkilatın yaşıl enerji üzrə mərkəzinin Azərbaycanda yaradılması və bununla əlaqədar, mərkəzin nizamnaməsinin üzv dövlətlər tərəfindən imzalanması və mərkəzin yaxın zamanlarda fəaliyyətə başlamasının əhəmiyyəti vurğulanıb.

 

Nazir Ceyhun Bayramov Aşqabad Sammitindən irəli gələn məsələlərin həlli, xüsusilə İƏT çərçivəsində iqtisadi, nəqliyyat bağlılığı, eyni zamanda enerji sahəsində əməkdaşlığın vacibliyini və bu məsələlərin Azərbaycan üçün də prioritet olduğunu nəzərə alaraq, ölkəmizin sözügedən istiqamətlərdə əməkdaşlığa əhəmiyyət verdiyini diqqətə çatdırıb.

 

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Azərbaycanın təşkilatla əməkdaşlığa verdiyi töhfəni qeyd edərək, İƏT Katibliyinə Azərbaycan diplomatlarının ezam edilməsini yüksək qiymətlədirildiyini ifadə edib. O eyni zamanda, enerji və iqtisadi bağlılıq məsələlərinin İƏT-in gündəliyində duran əsas məsələlər olduğunu, Azərbaycanın bu sahələrdə rolunun vacibliyinin vurğulayıb.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti