news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 mart 2022

No:148/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Bəhreyn Krallığının xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani ilə görüşünə dair məlumatı

29 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniyada keçirilən “8-ci Berlin enerji keçid dialoqu” tədbiri çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani ilə görüşüb. 

 

Görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edildi və perspektivlər barəsində geniş fikir mübadiləsi aparıldı.

 

Görüşdə nazirlər iki ölkə arasında siyasi, iqtisadi, enerji və mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğuladılar, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Bu xüsusda, Bəhreyn Krallığı tərəfindən beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin mövqeyinin dəstəklənməsi yüksək qiymətləndirildi.

 

Nazir Ceyhun Bayramov həmsöhbətinə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim etdi.

 

Görüş zamanı, həmçinin Azərbaycan Respublikası və Bəhreyn Krallığının Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması və gündəlikdə olan məsələlərin müzakirəsi baxımından mühüm rol oynadığı qeyd edildi.

 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi apardılar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti