No:207/23, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş naziri N.Paşinyanın 13 aprel tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhi
Ermənistanın baş naziri Nikol Paşinyanın 13 aprel tarixində hökumət iclasında çıxışı zamanı Laçın istiqamətində baş vermiş son təxribatda məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atması, Azərbaycanı Praqa və Soçi görüşləri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmaqda təqsirləndirməsi tamamilə əsassızdır və qəbuledilməzdir.
Avropa İttifaqının bir gün əvvəlki bəyanatına istinad edən Baş nazirin delimitasiya üçün 1991-ci il sərhəd xəttinin əsas götürülməsi ideyasını təkrarlaması bir sıra qərəzli məqamları ehtiva edir. Belə ki, Ermənistan Baş nazirinə xatırlatmaq istərdik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan işğal siyasəti nəticəsində, 1990-cı ildə Kərki və Bağanis Ayrım kəndləri Ermənistan tərəfindən işğal edilib. Bununla yanaşı, Ermənistanın Üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazilərindən hələ də erməni silahlı qüvvələrinin çıxırmaması, 8 Azərbaycan kəndini işğal altında saxlaması məlumdur. Bu xüsusda, Baş nazir ilk öncə 1991-ci il sərhədləri dedikdə nə nəzərdə tutulduğu məsələsinə aydınlıq gətirməlidir.
Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsi və bu ərazilərdən qüvvələrini geri çəkməməsi Praqa və Soçi razılıqlarının ciddi şəkildə pozulmasının və Ermənistanın sülh prosesində maraqlı olmamasının bariz nümunəsidir.
Ermənistanın Azərbaycanda həyata keçirdiyi təxribatlara və qeyri-qanuni fəaliyyətlərə son qoymaq məqsədilə Laçın yolunun başlanğıcında sərhəd nəzarət-keçid məntəqəsinin yaradılması barədə Azərbaycanın təklifinə müsbət cavab vermək əvəzinə, Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı qərarını da təhrif etməkdən çəkinmir. Qeyd edək ki, Azərbaycan hökumətinin Laçın yolunda baş verən etirazların təşkilatçısı olduğu iddiası məhkəmə tərəfindən rədd edilib, “yolun bağlandığı” və “ərazinin blokadada” saxlandığı barədə iddiaların heç bir əsası yoxdur.
Ermənistan tərəfini əsassız bəyanatlar vermək əvəzinə, ötən ilin dekabr ayından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara geri qayıtmağı, kommunikasiyaların açılması, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik.