news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 aprel 2023

No:222/23, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə əlaqədar Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın əsassız bəyanatına dair şərhi

23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Fransa Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr tərəfindən verilmiş bəyanat tamamilə əsassızdır.

 

Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren və legitim hüququdur.

 

Guya bu addımın Üçtərəfli bəyanata, hər hansı bir beynəlxalq sənədə və ya məhkəmə qərarına zidd olduğu iddiasının heç bir əsası yoxdur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək.

 

Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında, Fransa tərəfi bu kimi birtərəfli mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti