No:265/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji dialoq görüşünə dair məlumatı
31 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində bolqar xarici işlər naziri Teodora Gençovskaya ilə görüş keçirilib.
İki ölkənin xarici işlər nazirləri arasında təkbətək başlanan görüş, daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə strateji dialoq görüşü ilə davam edib.
Nazir Teodora Gençovskaya Azərbaycanlı həmkarını səmimiyyətlə salamlayıb və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağı ərəfədə reallaşan səfərin əhəmiyyətini vurğulayıb. O, ölkələr arasında son 30 il ərzində bir sıra sahələrdə, o cümlədən enerji, nəqliyyat və bağlantı, turizm və digər sahələrdə əməkdaşlığın inkişafını məmnunluqla vurğulayıb.
Nazir Ceyhun Bayramov həmkarına dəvətə görə təşəkkürünü ifadə edib və ölkələrimiz arasında 2-ci strateji dialoq görüşünün, diplomatik münasibətlərin 30-cu ildönümünün qeyd olunacağı ərəfədə keçirilməsinin eyni zamanda rəmzi xarakter daşıdığını qeyd edib. Nazir, iki ölkə arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə hörmət və qarşılıqlı anlaşma ruhunda inkişaf etdiyini bildirib. O, ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi dialoqun, iqtisadi sahədə də müsbət artım dinamikası ilə müşayiət olunduğunu bildirib.
Nazirlər, ölkələrimiz arasında iqtisadi əlaqələrin özəyini təşkil edən enerji sektoru, habelə nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, humanitat və digər sahələrdə əlaqələrin inkişafı perspektivlərini müzakirə ediblər. Cari il ərzində keçirilməsi planlaşdırılan Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasının ikitərəfli əməkdaşlığın genişləndirilməsinə müsbət töhfə verəcəyindən əminlik ifadə edilib.
Nazir Ceyhun Bayramov qarşı tərəfi post-münaqişə mərhələsində bölgədə mövcud olan vəziyyət, Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının ağır nəticələrinin aradan qaldırılması üçün görülən işlər, o cümlədən azad olunan ərazilərdə minaların təmizlənməsi, bərpa və quruculuq işləri, habelə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar və bölgədə sülh və tərəqqinin təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyi barədə məlumatlandırıb.
Nazir Teodora Gençovska Bolqarıstanın Azərbaycan hökumətinin həyata keçirdiyi minalardan təmizləmə prosesinə töhfə verməyə hazır olduğunu ifadə edib.
Tərəflər, ikitərəfli müstəvi ilə yanaşı, qlobal və regional beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdən sonra nazirlər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olub və mətbuat qarşısında bəyanatlarla çıxış ediblər.