news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 iyul 2021

No:267/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Qoşulmama Hərəkatının aralıq dövr Nazirlər Konfransı ilə bağlı məlumatı

13-14 iyul 2021-ci il tarixlərində Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatının (QH) “Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı mübarizədə çoxtərəfli səylərin mərkəzində” mövzusunda, virtual formatda aralıq dövr Nazirlər Konfransı keçirilib.

Konfransın keçirilməsində əsas məqsəd Hərəkatın Bakı Zirvə Görüşündən ötən müddət ərzində Hərəkat üzvlərinin birgə səyləri ilə qlobal çağırışlara qarşı mübarizədə əldə olunmuş irəliləyişləri və bu istiqamətdə atılacaq növbəti addımları müzakirə etməkdən ibarət olub. 33 ölkənin xarici işlər naziri səviyyəsində təmsil olunduğu Konfransda Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin yüksək vəzifəli nümayəndələri iştirak edib.

Konfransın əvvəlində Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin tədbir iştirakçılarına video-müraciəti səsləndirilib. Video-müraciətdə dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirilmiş uğurlu təşəbbüslər barədə məlumat verərək, Azərbaycan Respublikasının QH-yə sədrliyi çərçivəsində Hərəkatın beynəlxalq nüfuzunun və təsirinin gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyini bildirib. Ölkə başçısı Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi və onun nəticələri barədə QH üzv dövlətlərinə məlumat verərək Azərbaycanın əldə etdiyi qələbənin beynəlxalq hüquq, ədalət və Qoşulmama Hərəkatının fundamental dəyərlərinin zəfəri olduğunu vurğulayıb. Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan ərazilərində törədilmiş vəhşiliklər barədə məlumat verən ölkə başçısı, işğal illərində, eləcə də Vətən müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına nümayiş etdirdikləri davamlı dəstəyə görə QH üzv dövlətlərinə minnətdarlıq ifadə edib.

Ölkə başçısının çıxışından sonra Azərbaycan Respublikasının QH-yə indiyə qədər sədrlik etdiyi 21 ay ərzində görülmüş işlərə dair Azərbaycan sədrliyinin hesabatı səsləndirildi. Daha sonra isə Nazirlər Konfransının Siyasi Bəyannaməsi müzakirəyə çıxarılaraq qəbul edildi. Bəyannamədə QH-nin gündəliyində duran aktual məsələlərlə bağlı Hərəkata üzv dövlətlərin mövqeyinin ifadə edilməsi ilə yanaşı, ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan bir sıra bəndlər yer alır. Belə ki, QH üzv dövlətləri sözügedən Siyasi Bəyannamə vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü yüksək qiymətləndirdiklərini bildirir və qlobal miqyasda belə bir mürəkkəb dövrdə QH-yə uğurlu sədrliyinə, eləcə də Hərəkata nəzərdə tutulandan 1 il artıq – 2023-cü ilin sonuna qədər sədrlik etməyə hazır olduğuna görə Azərbaycan Respublikasına minnətdarlıq ifadə edirlər. Bundan əlavə, Bəyannamədə QH-nin sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilmiş bir sıra uğurlu təşəbbüslər, o cümlədən 4 may 2020-ci il tarixində keçirilmiş QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclası, 3-4 dekabr 2020-ci il tarixlərində baş tutmuş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə xüsusi sessiyası, eləcə də BMT-nin İnsan Hüquqları Şurası tərəfindən 22 mart 2021-ci il tarixində qəbul edilmiş pandemiyaya qarşı peyvəndlərin ədalətli və bərabər bölüşdürülməsinə dair qətnamə alqışlanır. Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq Azərbaycan sədrliyinin təşəbbüsü ilə təşkil olunmuş QH Modeli Beynəlxalq Simulyasiya Təlimi də Bəyannamədə alqışlanır. Bəyannamədə, həmçinin Azərbaycan tərəfinin təklifinə uyğun olaraq, QH üzv dövlətlərində post-münaqişə dövrü bərpa, yenidənqurma və reinteqrasiya fəaliyyətinin əhəmiyyəti qeyd edilərək, bu xüsusda mina və digər partlamamış hərbi sursatlarla çirklənməyə ən çox məruz qalmış QH üzv dövlətlərində effektiv mina təmizləmə fəaliyyətinin və bu prosesə beynəlxalq dəstəyin vacibliyi vurğulanır. Qəbul edilmiş Siyasi Bəyannamə ilə, həmçinin Rusiya Federasiyasının müraciətinə uyğun olaraq bu ölkəyə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusu verilir və Qoşulmama Hərəkatının növbəti Zirvə Görüşünün 2023-cü ilin sonunda Uqandada keçiriləcəyinə dair Uqanda hökumətinin təklifi alqışlanır.

Onu da qeyd etmək istərdik ki, Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan, Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra QH üzv dövlətlərinin Hərəkata əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti