news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 iyul 2021

No:269/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistan Baş nazirinin Aİ Şurasının Prezidenti Şarl Mişel ilə brifinqdə səsləndirdiyi fikirlərlə bağlı suallarını cavablandırır.

Sual: Ermənistan Baş naziri N.Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti ilə 17 iyul tarixində keçirdiyi mətbuat brifinqində Azərbaycan əleyhinə ittihamlarla çıxış edib, o cümlədən, guya ki, Azərbaycanın qonşu dövlətlərin ərazisinə iddiasının olması, sərhəd gərginliyini yaratması və delimitasiya prosesinə əngəl törətməsi kimi fikirləri səsləndirib. Bununla bağlı şərhinizi öyrənmək istərdik.

Cavab: Bu, Ermənistan Baş nazirinin növbəti, tamamilə yalan və iftira dolu bəyanatıdır. Xatırladıram ki, bu cəfəng iddiaları 30 ilə yaxın Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirib, ərazilərini hərbi işğal altında saxlayan, bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını pozan ölkənin lideri səsləndirir. “Böyük Ermənistan” xülyasından çıxış edərək Azərbaycana qarşı ərazi iddialarını günü bu gün də davam etdirən, bu iddiaları ölkə Konstitusiyasında əks olunan Ermənistanın Baş naziri görünür, öz ölkəsinin aqressiv, destruktiv və barışmaz siyasətinə hər hansı “əsaslar” yaratmağa çalışır. N.Paşinyanın diqqətinə çatdırırıq ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb. Azərbaycan, dövlətlərin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə yanaşır və eyni yanaşmanın Azərbaycana münasibətdə nümayiş etdirilməsini tələb edir.

Azərbaycan xalqının milli tarixi yaddaşında, soydaşlarımızın tarixən köklü xalq olaraq yaşadığı müasir Ermənistan ərazisi Qərbi Azərbaycan adlanır və məlum olduğu kimi, XX əsr ərzində soydaşlarımız bu ərazidən, sonuncusu 1988-ci il olmaqla, 3 dəfə deportasiya edilib. Zəngəzur bölgəsi və onun Şərq və Qərb hissələrinə bölünməsi də bir tarixi reallıqdır. Soydaşlarımızın həmin ərazilərə qayıtması onların malik olduğu ən təbii haqlarıdır. Bu ərazi iddiası yox, qaçqınların öz evlərinə geri qayıtmasıdır; necə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat bunu özündə ehtiva edir.

O ki, qaldı Paşinyanın “sərhəd gərginliyi, delimitasiya prosesinə əngəl törətmək” iddialarına bu, Ermənistan Baş nazirinin riyakarlığından başqa bir şey deyildir. Ərazi bütövlüyünü təmin edən Azərbaycan, ərazilərinin işğalı faktorunun aradan qaldırılması ilə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmağa, delimitasiya və demarkasiya prosesini başlamağa hazır olduğunu bəyan edib, bu istiqamətdə əməli addımlar atıb. Ermənistan isə bunun qarşılığında vəziyyəti gərginləşdirmək, revanşizm, sülhü şərtləndirmək mövqeyindən çıxış edir. İllərdir ki, sərgilənən bu destruktiv yanaşmanın Ermənistan üçün nə ilə nəticələnəcəyini təxmin etmək isə çətin deyil.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti