No:276/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistan XİN-in KİV və ictimai diplomatiya idarəsinin 23 iyul 2021-ci il tarixli açıqlamasına dair şərhi
Ermənistan XİN-in Azərbaycan dövlət başçısının müsahibələrini, çıxışlarını diqqətlə izləməsi, əlbəttə yaxşıdır. Lakin bu müsahibələri sadəcə oxumaq deyil, düzgün anlamaq və nəticə çıxarmaq lazımdır.
Birincisi, bəli, bizim dədə-babalarımız Zəngəzurda yaşayıb, bu tarixi faktdır. Burada, eləcə də müasir Ermənistanın digər ərazilərində tarixən yaşayan soydaşlarımız, etnik təmizləmə siyasətinin qurbanı olublar, evlərindən didərgin düşüblər, bu da bir tarixi reallıqdır. Azərbaycanın Ermənistan ərazilərini “işğal etməsi” ilə bağlı cəfəng iddiaya gəldikdə isə, Prezident İlham Əliyevin sözügedən müsahibəsində aydın şəkildə qeyd etdiyi kimi, biz öz sərhədlərimizə çıxmışıq, sərhədlərimizdə möhkəmlənirik. Post müharibə dövrünün reallıqları ilə barışmaq istəməyən Ermənistan, onilliklər ərzində işğalçı ölkə kimi beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirən bir ölkə kimi, bundan sonra da beynəlxalq hüquq normalarından danışmadan öncə düşünməlidir.
İkinci, Ermənistan XİN-ə xatırladırıq, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Respublikasının Parlamenti tərəfindən 1991-ci ilin noyabrında qanuni şəkildə ləğv edilib. AR Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə isə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazi Azərbaycanın tərkib hissəsidir və burada yaşayan ermənilər də, azərbaycanlılarla birgə bizim vətəndaşlarımız kimi yaşaya bilərlər.
Üçüncü, “Dağlıq Qarabağın statusu” məsələsini süni şəkildə gündəmə gətirmək istəyənlər birdəfəlik anlamalıdırlar, “Dağlıq Qarabağ” olmadığı kimi “status” məsələsi də yoxdur.
Növbəti, Azərbaycanı “humanitar vəziyyəti pisləşdirməkdə” ittiham edən Ermənistana xatırladırıq ki, hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan ərazisindən humanitar yükün daşınmasına şərait yaradıb. Beynəlxalq humanitar təşkilatlarla bölgəyə missiyanın göndərilməsinə dair tərəfimizdən əldə olunan razılığa, məhz Ermənistan əngəl törətməyə çalışır. Bu isə onu göstərir ki, Ermənistan “humanitar vəziyyət” adı altında öz siyasi oyunlarını davam etdirir.
Nəhayət, sonuncu, qanunsuz güc tətbiqinin bölgədə sülh və təhlükəsizliyə maneə olduğunu Ermənistan hamıdan yaxşı bilməlidir, çünki bunu onilliklərlə özü edib. Azərbaycan isə BMT Nizamnaməsinə uyğun olaraq və beynəlxalq humanitar hüquqa riayət etməklə ərazilərini işğaldan azad edib, ərazi bütövlüyünü təmin edib və hazırda bölgədə sülh və tərəqqinin təmin olunmasına çalışır.