No:276/23, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada danışıqların yekunlarına dair mətbuat məlumatı
19 may 2023-cü il tarixində Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
Nazir Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər.
Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.
Nazirlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
Nazirlər həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da ayrıca görüşlər keçiriblər.