news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 may 2023

No:283/23, Afrika İttifaqının yaradılmasının 60-cı ildönümü münasibətilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı

Bu gün, Afrika İttifaqının beynəlxalq təşkilat olaraq təsis edilməsindən 60 il ötür. Bu münasibətlə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Afrika ölkələrinə və Afrika İttifaqının Komissiyasına öz səmimi təbriklərini çatdırır.

 

Ötən 60 il ərzində İttifaq qlobal sülh, təhlükəsizlik və davamlı inkişafa Afrika qitəsinin dəyərli töhfələrinin verilməsində önəmli rol oynayıb.

 

Azərbaycan və Afrika ölkələri arasında əməkdaşlıq davamlı əsasda şaxələnməklə yüksələn xətt üzrə inkişaf edir.

 

Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi Afrika ölkələri ilə əməkdaşlığa yeni təkan verib. Afrika qitəsinin dekolonizasiya prosesinə mühüm töhfələr vermiş Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Afrika qitəsini prioritet region olaraq elan edib və xüsusilə COVID-19 pandemiyası dövründə Afrika ölkələrinin pandemiya ilə mübarizə imkanlarının artırılması və pandemiyadan sonrakı bərpa məsələlərinə xüsusi diqqət ayırıb.

 

Təsadüfi deyildir ki, 2 mart 2023-cü il tarixində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Afrika ölkələrində pandemiyadan sonrakı bərpa prosesinə dəstəklə bağlı Qlobal Çağırış və həmin Çağırış çərçivəsində ilk donor kimi Afrika ölkələrinə 1 milyon ABŞ dolları ianə elan olunub.

 

Azərbaycan Respublikası Afrika qitəsində diplomatik təmsilçiliyini də tədricən artırmaqdadır. Qitədə mövcud olan diplomatik nümayəndəliklərə əlavə olaraq, ötən ilin sonunda Keniyada diplomatik nümayəndəlik təsis edilib.

 

Azərbaycan tərəfi əmindir ki, ortaq dəyər və prinsipləri bölüşdüyü Afrika ölkələri ilə əməkdaşlıq bundan sonra da həm ikitərəfli əsasda, həm də Afrika İttifaqı çərçivəsində daha da inkişaf edəcəkdir.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti