news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 iyul 2021

No:288/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığına dair məlumatı

29 iyul 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın telefon danışığı baş tutub.

 

Tərəflər üçtərəfli bəyanatların icrası ilə bağlı və bölgədəki cari vəziyyətə dair fikir mübadiləsi aparıblar.

 

Aİ-nin xüsusi nümayəndəsi iki dövlətin sərhəd bölgəsində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib.

 

Nazir Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən iki dövlətin sərhəd bölgəsində təxribatlar törədildiyi, bunun nəticəsində 23 iyul tarixində bir azərbaycanlı hərbi qulluqçunun şəhid olduğu, 28 iyul tarixində isə iki hərbi qulluqçumuzun yaralandığı barədə məlumat verib. Azərbaycan Silahlı Qüvvələrinin bu hərbi təxribatlara cavab tədbirləri həyata keçirdiyi və Azərbaycanın beynəlxalq sərhədlərini qoruduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

 

Ermənistanın belə bir məsuliyyətsiz davranışa son verməli olduğu, üzərinə götürdüyü öhdəliklərə riayət etməli olduğu vurğulanıb.

 

Azərbaycanın sərhəd gərginliyində maraqlı olmadığı və bu məsələlərin diplomatik yolla həllinin tərəfdarı olduğu Aİ xüsusi nümayəndəsinin diqqətinə çatdırılıb.

 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti