news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 avqust 2021

No:293/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun BMT-nin ölkəmizdəki yeni rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşü barədə məlumatı

2 avqust 2021-ci il tarixində nazir Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni resident əlaqələndiricisi xanım Vladanka Andeyevanı qəbul edib. Vladanka Andreyeva təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov təyinatı münasibətilə yeni rezident əlaqələndiricini təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir, V.Andreyevanın zəngin təcrübəsinin Azərbaycanla BMT və təşkilatın qurumları arasında əməkdaşlığının daha da möhkəmləndirilməsinə töhfə verəcəyini ifadə edib.

Vladanka Andreyeva ölkənin BMT ilə 30 ilə yaxındır ki, mövcud olan yüksək səviyyəli əməkdaşlığının bundan sonra da davam edəcəyindən əminlik bildirib. Ölkə ilə bağlı ilkin təəssüratlarının çox yaxşı olduğunu bildirən resident əlaqələndirici, birgə səylərin davam edəcəyini və mövcud əməkdaşlığın konkret nəticələrinin əldə olunmasına diqqətin yönəldiləcəyini qeyd edib. V.Andreyeva ölkənin həm Covid-19 təhdidi ilə mübarizəsini, həm də münaqişə sonrası bərpa prosesini yaşadığını vurğulayaraq, bu xüsusda Azərbaycanı dəstəkləməyə, heç kimin arxada buraxılmadığından əmin olmağa və daha yaxşı gələcək qurmağa hazırlıqlarını ifadə edib.

Nazir Ceyhun Bayramov ölkəmizin həm pandemiya ilə mübarizədə rolundan, bu xüsusda dövlət başçımız tərəfindən irəli sürülən qlobal təşəbbüslərdən, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığından, həm də müstəqilliyinin ilk günlərindən üzləşdiyi təcavüz siyasəti və onun nəticələri, Ermənistanın davam edən hərbi təxribatları və ötən il həyata keçirilmiş cavab əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, beləliklə də BMT TŞ-nin qətnamələrinin icrasının təmin edilməsi barədə qarşı tərəfə məlumat verib. Nazir, həmçinin BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlığımız, o cümlədən ölkəmizə YUNESKO və BMTQAK missiyalarının həyata keçirilməsi ilə bağlı tərəfimizdən razılığın ifadə olunması, ümumiyyətlə Azərbaycanın hərbi əməliyyatların dayandırılmasından dərhal sonra humanitar sahədə atdığı addımlardan ətraflı şəkildə bəhs edib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması, əməkdaşlığın qurulması imkanlarının yarandığı qeyd edilib. Lakin Ermənistan tərəfindən hələ də bu məsələlərdə qarşılığın verilmədiyi və beynəlxalq hüquqa zidd yanaşmanın nümayiş etdirildiyi təəssüflə vurğulanıb.

Görüşdə tərəflər, həmçinin azad olunmuş ərazilərdə həyata keçirilən yenidən qurma və bərpa işləri, minaların təmizlənməsi prosesi, habelə Dayanıqlı İnkişaf Məqsədləri-2030 gündəliyinin icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti