No:303/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin İran İslam Respublikasının səfiri ilə XİN-də keçirilmiş görüşə dair məlumatı
11 avqust 2021-ci il tarixində İran İslam Respublikasının ölkəmizdəki səfiri XİN-ə dəvət olunub.
Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim edilib.
Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub.
Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız, görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb.
Görüş zamanı, bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub.