news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 iyun 2022

No:308/22, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi L.Abdullayeva KİV-in sualını cavablandırır.

Sual: Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyan hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə Azərbaycanın Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə dair məlumat verib. Ermənistan rəsmisinin bu açıqlamasını necə şərh edərdiniz?

 

Cavab: Ermənistan KİV-də ölkənin silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavininə istinadən yayılan bu məlumat, birmənalı şəkildə Ermənistan rəsmiləri tərəfindən Azərbaycan ərazilərinə qanunsuz hərbi birləşmələrin göndərilməsi ilə bağlı edilən növbəti etirafdır.

 

Bu, Ermənistanın 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı kobud şəkildə pozmasıdır. Xatırladırıq ki, sözügedən bəyanatın 4-cü maddəsinə istinadən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılır və paralel olaraq bu ərazilərdə Rusiya sülhməramlı kontingenti yerləşdirilir. Tərəfimizdən, bundan öncə dəfələrlə Ermənistan tərəfinin üçtərəfli bəyanatın müddəalarını pozduğu, o cümlədən qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını bəyan etmişik.

 

Hazırda Azərbaycan tərəfindən münaqişə sonrası mərhələdə münasibətlərin normallaşması və sülh quruculuğu istiqamətində addımlar atıldığı bir vaxtda, Ermənistan tərəfinin belə bir yanaşması, sonuncunun bölgədə sülh yox, gərginlik yaratmaq marağını açıq şəkildə nümayiş etdirir.

 

Ermənistan rəsmilərinin bu açıqlaması Ermənistan tərəfinin sülhdən danışmasının riyakarlıqdan başqa bir şey olmadığını göstərir. 

 

Bu, həmçinin Ermənistan tərəfinin təcavüzkar siyasətinin bir daha açıq şəkildə təcəssümüdür.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti