news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 iyun 2023

No:314/23, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı, 6 iyun 2023-cü il

Cənab Sədr,

Hörmətli Səfirlər,

Xanımlar və cənablar,

 

Bu gün ATƏT-in Daimi Şurasında çıxış etmək imkanından məmnunluq duyuram.

 

ATƏT regionunda ümumi təhlükəsizlik mühiti sülh və sabitliyə davamlı təhdidlər və çağırışlar fonunda gərgin və mürəkkəb olaraq qalır. İştirakçı dövlətlər arasında inam və etimad zəifləməkdə davam edir, siyasi-hərbi bloklar arasında artan rəqabət isə çoxtərəfliliyə, o cümlədən ATƏT-in işinə mənfi təsir göstərir. Etnik və dini dözümsüzlük, habelə ayrıseçkiliyin artması fonunda dövlətlərin təhlükəsizliyi, eləcə də cəmiyyətlərimizin əmin-amanlığı və birliyi hücuma məruz qalır. Bütün bunlar hərtərəfli və əməkdaşlığa əsaslanmış təhlükəsizliyi sarsıdır və ATƏT-in fundamental sənədlərində təsbit edilmiş təhlükəsizliyin bölünməzliyini riskə atır.

 

Helsinki Yekun Aktında təsbit edilmiş və ATƏT-in sonrakı sənədlərində və qərarlarında bir daha təsdiqlənmiş ATƏT-ə üzv dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət başda olmaqla, ATƏT-in prinsipləri və öhdəlikləri sülh və təhlükəsizliyin təməli olaraq qalmalı, ikili standartlar və coğrafi tərcihlər olmadan bərabər və qeyd-şərtsiz tətbiq edilməlidir.

 

ATƏT çərçivəsində davamlı fəallığımız ATƏT regionunda sülh, təhlükəsizlik və sabitliyə töhfə vermək öhdəliyimizin sübutudur. Hərbi-siyasi bloklara qoşulmayan ölkə kimi Azərbaycan hər zaman ATƏT-i dövlətlərarası münasibətlərdə rəhbər tutulan fundamental prinsiplərə əsaslanan ümumavropa təhlükəsizlik arxitekturasının əsas sütunu kimi qiymətləndirib.

 

ATƏT bütün 57 iştirakçı dövlətin ümumi sərvətidir. Təşkilatın hərtərəfli və əməkdaşlığa əsaslanan təhlükəsizlik konsepsiyası kontekstində hazırlanmış alətləri və bu yolda əldə edilmiş təcrübəsi iştirakçı dövlətlərin tələbi əsasında onların xüsusi ehtiyaclarına uyğunlaşdırılması və onların tətbiqinə aidiyyəti dövlətlər tərəfindən razılıq və fəal dəstəyin olması şərtilə faydalı və effektiv ola bilər.

 

Azərbaycan, ATƏT vasitəsilə də daxil olmaqla, effektiv çoxtərəfliliyin güclü tərəfdarıdır və ehtiyacları və prioritetləri əsasında ATƏT və onun təsisatları çərçivəsində əməkdaşlıqda maraqlıdır. Biz inanırıq ki, Təşkilat hələ də özünəməxsus hərtərəfli təhlükəsizlik konsepsiyası, geniş üzvlük və qərarların konsensus vasitəsilə qəbulu əsasında mühüm üstünlüklərə malikdir. Bununla belə, indiki məqamda Təşkilat təhlükəsizliyimizə və sabitliyimizə qarşı çoxsaylı risklərə və çağırışlara effektiv cavab verməsini təmin etmək qabiliyyəti, siyasi iradə və institusional potensiala malik deyil.

 

Təşkilat öz aktuallığını qorumaq və sürətlə inkişaf edən mühitə uyğunlaşmaq üçün çevik və adaptiv olmalıdır. Yalnız birgə həll yolları nəticə verə bilər. Köhnə rəvayətlərə və fərziyyələrə sadiq qalmaq faydasızdır və sadəcə Təşkilatı geriyə sürükləyəcək. Bu, təşkilatın daha yetkin və güclü olmasının yeganə yoludur. Kollektiv olaraq razılaşdırılmış sənədlərimiz və qərarlarımız çərçivəsində, Təşkilatımız daxilində və xaricində reallıqları nəzərə alan yaradıcı həllər tələb olunur.

 

Biz razılaşırıq ki, bu kritik məqamda təşkilat çağırışlara effektiv cavab vermək üçün lazım olan resurslar ilə təmin olunmalıdır. Bu məqsədlə biz təşkilatın müvafiq strukturlarına daha çox ehtiyac duyulan sahələrdə məhdud resursları ayıran büdcənin vaxtından əvvəl qəbul edilməsini dəstəkləyirik. Qeyri-funksional, köhnəlmiş strukturlar mərhələli şəkildə ləğv edilməlidir. Həmçinin, biz baş katib Helqa Şmid və hər üç İnstitutun rəhbərlərinin mandatlarının uzadılmasını dəstəkləyirik.

 

ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyası icra strukturlarının proqram fəaliyyətlərində öz əksini tapmalı olan hər üç ölçü üzrə balansın təmin olunmasını tələb edir. Buna görə də biz istifadə edilməmiş potensiala malik olan və bu çətin dövrlərdə parçalanmanı aradan qaldıra biləcək ikinci, iqtisadi və ekoloji əməkdaşlıq ölçüsünün, xüsusilə nəqliyyat və ticarətin asanlaşdırılması, iqlim dəyişikliyi və ətraf mühitin reabilitasiyası vasitəsilə əlaqələrin təşviqi kimi sahələr üzrə gücləndirilməsinin tərəfdarıyıq. Ancaq bu, digər, eyni dərəcədə vacib və bir-biri ilə əlaqəli ölçülər hesabına baş verməməlidir.

 

Təşkilatın hərtərəfli təhlükəsizlik konsepsiyası və hazırlanmış alətləri münaqişə dövrünün bütün mərhələlərinə, o cümlədən münaqişədən sonrakı reabilitasiyaya bərabər diqqət yetirməyi tələb edir.

 

Hörmətli Daimi Nümayəndələr,

 

Baxmayaraq ki, Azərbaycan və Ermənistan arasında davam edən normallaşma prosesi ATƏT kontekstindən kənarda ikitərəfli qaydada həyata keçirilir, mən Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasının ATƏT regionunda təhlükəsizliyə mütləq töhfə verəyinə və Təşkilat daxilindəki işə müsbət təsir göstərəcəyinə görə ikitərəfli danışıqların hazırkı mərhələsinə dair öz fikirlərimizi və qiymətləndirməmizi Daimi Şura ilə bölüşmək istərdim.

 

Ermənistan və Azərbaycan arasında təxminən otuz ildir davam edən silahlı münaqişənin başa çatması və hər iki dövlətin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət etmək öhdəliyi götürməsi ilə iki ölkə öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq sülh əlçatandır.

 

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat əsasında silahlı münaqişə sona çatdıqdan sonra, 30 illik hərbi işğal dövründə Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparır. Münaqişənin başa çatması sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəlilədilməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoyuluşu üçün imkan və real perspektivlər gündəmə gətirir.

 

Azərbaycan bu yanaşma ilə Ermənistana münaqişədən sonrakı normallaşma gündəliyini təklif edib. Hər iki tərəf bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmətə əsaslanan dövlətlərarası münasibətlərin çərçivəsini təşkil edəcək ikitərəfli sazişin mətni üzərində danışıqlar aparır. Son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişinyovda keçirilən danışıqlar tərəflərin əsas narahatlıqları daha yaxşı başa düşməsinə xidmət edib və bəzi məsələlərlə bağlı fikir ayrılıqlarını daraltmağa kömək edib. Azərbaycan normallaşma gündəliyinə sadiq qalır və ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət: dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin tezliklə imzalanması, dövlət sərhədinin delimitasiyası, və regionda nəqliyyat kommunikasiyalarının açılması üzrə qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfindən qarşılıqlı siyasi iradə gözləyir.

 

Ermənistan tərəfindən Azərbaycanın, o cümlədən Qarabağ bölgəsinin suverenliyi və ərazi bütövlüyünün bəyan edilərək tanınması ehtiyatlı optimizm üçün zəmin yaradır. Bununla belə, həmişə olduğu kimi, əməllər sözlərdən daha yüksək səslə danışır. Ermənistan rəhbərliyinin bəyanatları bu ölkənin faktiki davranışında da öz əksini tapmalıdır ki, nəticədə irəliləyiş əldə olunsun.

 

Bu kontekstdə Ermənistanın Azərbaycanın suveren ərazilərində davam edən qeyri-qanuni hərbi mövcudluğu, daxili işlərimizə davamlı müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa əngəl yaratması və beynəlxalq səviyyədə, o cümlədən ATƏT çərçivəsində genişmiqyaslı qarayaxma kampaniyasının aparılması bəyan edilmiş bu öhdəliyə ziddir və əksinə, Azərbaycan və Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneədir.

 

Zati-aliləri,

 

Azərbaycan dövlətlərarası normallaşma prosesi ilə yanaşı, ərazilərimizin 30 ildir davam edən hərbi işğalının ağır nəticələrini aradan qaldırmaq üçün daxildə münaqişədən sonra genişmiqyaslı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə başlamışdır. Bu, son nəticədə yüz minlərlə azərbaycanlının öz evlərinə təhlükəsiz, ləyaqətlə qayıtmaq və münaqişədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının dinc yanaşı yaşaması kimi pozulmuş hüquqlarını reallaşdırmaq hüququnu təmin etmək məqsədi daşıyır.

 

Azərbaycan, ölkəmizin Qarabağ bölgəsinin etnik erməni sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə reinteqrasiya etməkdə qərarlıdır. Hökumət onların reinteqrasiyasına aid məsələləri müzakirə etmək üçün yerli erməni sakinləri ilə dialoq üzrə xüsusi nümayəndə təyin edib. Tərəfdar çıxdığımız beynəlxalq sənədlərlə yanaşı, xüsusən də Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası, Azərbaycan Konstitusiyası və milli qanunvericiliyi buna əsaslı zəmin yaradır.

 

Qanunun aliliyi və qanun qarşısında hamı üçün bərabər müdafiə ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasının əsasını təşkil edir. İnsan hüquqlarına ədalətli və bərabər şəkildə, eyni mövqe və eyni vurğu ilə yanaşılmalıdır. ATƏT-in Kopenhagen Sənədində göstərildiyi kimi, milli azlıqlara mənsub şəxslərin müdafiəsi ilə bağlı atılan addımlar müvafiq iştirakçı dövlətin digər vətəndaşlarına münasibətdə bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə uyğun olmalıdır.

 

Dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə öz vəzifə və öhdəliklərinə ciddi şəkildə riayət etmək bütün dövlətlər üçün eyni dərəcədə zəruridir. Milli azlıqlara mənsub şəxslərin insan hüquqlarının müdafiəsi dövlətlərin ərazi bütövlüyünü və suverenliyini pozmamalı, əksinə gücləndirməlidir.

 

Hökumətin gördüyü yorulmaz səylər nəticəsində məcburi köçkün ailələrinin birinci qrupu artıq Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Azərbaycanın Laçın şəhərinə qayıdıb.

 

Bununla belə, Azərbaycan ərazilərinin kütləvi şəkildə mina və digər partlayıcı maddələrlə çirklənməsi buna əsas maneədir və ciddi humanitar təhlükə yaradır. Fərq qoymadan basdırılan minalar demək olar ki, hər gün insanların həyatına son qoymağda davam edir.

 

Ermənistanın bütün hərbi fəaliyyətlərin dayandırıldığını elan etməsindən sonra belə minalanmış ərazilərin bütün xəritələrini paylaşmaqdan imtina etməsi və minaların basdırılmasını davam etdirməsi, mina tələləri və digər partlayıcıları qurması vəziyyəti daha da gərginləşdirir və qurbanların sayını artırır. 2020-ci ildə Üçtərəfli bəyanat imzalanandan bəri 302 nəfər minaların qurbanı olub. Bura həmçinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə gətirilən və orada basdırılan minalar da daxildir.

 

Məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmasına imkan yaratmaq məqsədilə bu humanitar təhlükə ilə mübarizə aparmaq üçün Azərbaycan hökuməti minalarla mübarizəni özünün milli prioritetlərindən biri kimi müəyyənləşdirib və həmçinin minasızlaşdırma ilə bağlı xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi formalaşdırır. Bundan əlavə, Azərbaycan humanitar minasızlaşdırma üzrə yeni qlobal DİM-in yaradılmasını təşviq edir.

 

Azərbaycanda davam edən mina problemini və onun həllində milli qurumların üzləşdiyi çətinlikləri nəzərə alaraq, Azərbaycanın humanitar minalarla mübarizə potensialını gücləndirmək üçün artan beynəlxalq dəstəyə təcili ehtiyac vardır. Bu cür dəstək yalnız minalardan təmizləmə səylərinə istiqamətlənməyib, həm də minalara qarşı qlobal kampaniyaya töhfə verəcək və regionda sülh və əməkdaşlığa sadiqliyi nümayiş etdirəcək.

 

Hörmətli səfirlər,

 

Biz keçmiş münaqişənin yaralarını sağaltmağa başladığımız üçün ağır hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə bağlı ədalətin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin işıqlandırılması vacib əhəmiyyət kəsb edir. Təəssüflər olsun ki, Ermənistan humanitar və insan hüquqları hüququ üzrə itkin düşmüş şəxslərin harada olması barədə məlumatların açıqlanması ilə bağlı öhdəliklərinə əməl etməklə bağlı davamlı çağırışlarımıza məhəl qoymamaqda davam edir.

 

Əvəzində biz etimad və inamı sarsıdan nifrət və dözümsüzlüyün davamı ilə üzləşirik. İki azərbaycanlı hərbçinin məsələsi bunun bariz təzahürüdür. Ermənistan hökuməti iki Azərbaycan vətəndaşına qarşı işgəncə və ləyaqəti alçaldan rəftarın lazımi şəkildə araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək əvəzinə, onları uydurma ittihamlarla vətənə qaytarmaqdan imtina edir.

 

Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq və konstruktiv dialoqa açıq olmaqla yanaşı, beynəlxalq hüququn pozulmasına göz yummayacaq və beynəlxalq səviyyədə müvafiq addımlar atmağda davam edəcək. Xüsusilə, Azərbaycan Ermənistanın beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozduğuna görə cavab verməsi, cəzalandırılmamış bənzəri olmayan cinayətlərinin günahkarlarını cəzalandırmaq və məsuliyyətə cəlb etmək üçün məhkəmə prosesləri başlatmışdır. Hesabatlılıq və təzminat qurbanların hüquq və mənafelərinin təmin edilməsinə xidmət etsə də və törədilmiş hüquqpozmaların qaçılmaz nəticəsi olsa da, onlar həm də mühüm qabaqlayıcı vasitədir və münaqişədən sonrakı həqiqi normallaşma və barışıq yolunda əsas ilkin şərtlərdən biridir.

 

Azərbaycan səmimiyyətlə inanır ki, Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmətinə əsaslanan münasibətlərin normallaşdırılması regionda davamlı sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.

 

Biz normallaşma gündəmini birbaşa ikitərəfli danışıqlar yolu ilə irəli sürməkdə qətiyyətli və əzmliyik. Bu səydə biz həm də sülhsevər və firavan Cənubi Qafqaz məqsədi daşıyan beynəlxalq tərəfdaşlarımızın ədalətli və qərəzsiz dəstəyinə və yardımına arxalanırıq.

 

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti