news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 avqust 2023

No:432/23, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiyanın “Kommersant” qəzetində dərc edilmiş məqalədə əksini tapmış fikirlərə dair yerli medianın sualına cavabı

Sual: Cari ilin 11 avqust tarixində Rusiyanın “Kommersant” qəzetində “Arsax Qarabağa qarşı” adlı məqalədə “Ağdam-Xankəndi” yolundan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən istifadə müqabilində Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsindən keçidə imkan yaradacağına dair ilkin razılıqlar barədə fikirlər səsləndirilib. Bu fikirlər ilə bağlı Xarici İşlər Nazirliyinin şərhi nədir?
 
Cavab: Son günlər ərzində beynəlxalq tərəfdaşların səyləri nəticəsində “Ağdam-Xankəndi” yolundan BQXK tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq mövcud idi. 

Bununla yanaşı, Azərbaycan tərəfinin təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı.

Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub. 

Onların və bu mövzunu siyasi manipulyasiya alətinə çevirən Ermənistanın pozucu fəaliyyəti qarşı tərəfin sülh və sabitlikdə, habelə bu istiqamətdə dialoqda maraqlı olmadıqlarını bir daha nümayiş etdirib. 

Bununla yanaşı, qeyd edilən addımlar humanitar əsasda iddiaların əsassız olduğunu bir daha sübut edərək, bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti