news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 dekabr 2021

No:477/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun ABŞ Dövlət katibi Entoni Blinken ilə görüşünə dair məlumatı

2 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinken ilə görüşüb.

Görüşdə tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

Söhbət zamanı Azərbaycanın enerji sahəsində verdiyi töhfə, həm mühüm neft-qaz layihələrinin təşəbbüskarı və icraçısı olduğu, həm də Avropa Birliyinin enerji təhlükəsizliyində mühüm faktor kimi çıxış etdiyi qeyd olunub.

ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycanın Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.

Mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, sülhə və təhlükəsizliyə təhdid və maneə törədən bir sıra hallarla mübarizədə Azərbaycanın rolu vurğulanıb.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti