No:518/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 17-ci fövqəladə iclasının yekunlarına dair şərhi
19 dekabr 2021-ci il tarixində İslamabad şəhərində Əfqanıstanda humanitar vəziyyət mövzusunda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 17-ci növbədənkənar iclasında Əfqanıstandakı vəziyyət, onun regional və qlobal təhlükəsizliyə təsiri ətrafında fikir mübadiləsi aparıldı.
İclas zamanı iştirakçı ölkələr tərəfindən ölkədəki böhranın, ilk növbədə ciddi humanitar fəsadlar törətdiyi və bu fəsadların aradan qaldırılmasında beynəlxalq əməkdaşlığın vacibliyi vurğulandı.
İclasın yekununda Əfqanıstanda humanitar vəziyyətin sabitləşməsi istiqamətində İslam Əməkdaşlıq Təşkilatı tərəfindən atılacaq praktiki addımları özündə əks etdirən yekun qətnamə qəbul edildi.
Qətnamədə İslam İnkişaf Bankının himayəsi altında Humanitar Etimad Fondunun yaradılması, habelə Əfqanıstan Ərzaq Təhlükəsizliyi Proqramının təsis edilməsi qərara alındı.
İƏT-in Əfqanıstanda vəziyyətin sabitləşməsi istiqamətində səylərinin daha effektiv əlaqələndirilməsi məqsədilə Təşkilatın Əfqanıstan üzrə xüsusi nümayəndəsi vəzifəsi təsis edildi, habelə İƏT-in Əfqanıstandakı missiyasının iqtisadi və insan resursları baxımından gücləndirilməsi qərara alındı. İƏT Baş katibinin Humanitar, Mədəni və Ailə məsələləri üzrə müavini cənab Tarıq Əli Baxet İƏT-in Əfqanıstan üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edildi.
İƏT-in 57 üzv-dövləti adından qəbul edilən yekun qətnamədə Əfqanıstandan əhalinin təxliyəsi ilə bağlı və bu xüsusda mühüm rol oynayan ölkələrə dair ayrıca bənd öz əksini tapdı. Vurğulamaq istərdik ki, sözügedən dövlətlər arasında Azərbaycan Respublikasının Əfqanıstandan mülki əhalinin təxliyəsi prosesində oynadığı mühüm rol təqdir edildi.
Azərbaycan Respublikası İƏT-in məsuliyyətli üzvü kimi və islam həmrəyliyinə sarsılmaz sadiqliyindən irəli gələrək, Əfqanıstanda humanitar böhranın nəticələrinin beynəlxalq birliyin, o cümlədən İƏT üzv-dövlətlərinin birgə addımları nəticəsində aradan qaldırılmasının tərəfdarıdır və bu istiqamətdə atılan addımlara töhfə verməkdə davam edəcəkdir.