news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 dekabr 2022

No:579/22, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın xarici işlər nazirlərinin iclasında çıxışı

(13 dekabr 2022-ci il, Avaza, Türkmənistan)

 

Hörmətli Nazirlər,

 

Xanımlar və cənablar,

 

Bu gün Azərbaycan Respublikası, Türkiyə  Respublikası və Türkmənistanın xarici işlər nazirlərinin Türkmənistanın gözəl guşəsi Avazada keçirilən iclasında iştirak etməkdən məmnunluğumu ifadə edir və hər birinizi səmimiyyətlə salamlayıram. Türkmənistan tərəfinə tədbiri yüksək səviyyədə təşkil etdiyi və göstərdiyi qonaqpərvərlik üçün təşəkkür edirəm.

 

Bildiyiniz kimi, 2022-ci ildə Azərbaycan Respublikasının Türkiyə Respublikası və Türkmənistan ilə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd olunur. Bu illər ərzində münasibətlərimiz inkişaf etmiş və yüksək səviyyəyə çatmışdır. Şübhəsiz ki, bunun əsasını xalqlarımız arasında mövcud olan tarixi, mədəni, dil və dini ortaqlıqlar təşkil edir.

 

Ölkələrimiz arasında qarşılıqlı etimadın yaradılmasında dövlət başçılarımızın rolu xüsusi qeyd olunmalıdır. Onlar arasındakı sıx təmaslar və dostluq əlaqələri ölkələrimiz arasındakı münasibətlərin inkişafının dinamikasını müəyyən edir, həmçinin beynəlxalq arenada uğurlu qarşılıqlı fəaliyyətə töhfə verir.

 

14 dekabr 2022-ci ildə baş tutacaq Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın Dövlət Başçılarının Birinci Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir. Zirvə görüşü ölkələrimiz arasında mövcud olan çox şaxəli ikitərəfli münasibətləri tamamlayan, ortaq maraq və fayda əsasında dövlətlərimiz arasında əlaqələrin daha da inkişafı məqsədini güdən Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatının inkişaf etdirilməsində mühüm mərhələ təşkil edəcəkdir. Birinci Zirvə görüşünün Birgə Bəyanatı, energetika, ticarət, iqtisadi, gömrük, nəqliyyat, elm, təhsil, mədəniyyət sahələrində üçtərəfli sənədlər bu istiqamətdə atılan əməli addımlar təşkil edir.

 

Ölkələrimizin birgə iştirak etdiyi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlığımız uğurla davam etdirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrimizin inkişaf etməsini, dialoqun intensivləşdiyini müşahidə etmək məmnunluq doğurur. Təşkilatın 11 noyabr 2022-ci ildə Səmərqənddə keçirilmiş 9-cü Zirvə Görüşü zamanı dövlət başçıları tərəfindən qəbul olunan qərarlar birgə səylərin möhkəmləndirilməsinə öz töhfəsini vermişdir.  

Hörmətli tədbir iştirakçıları,

 

Münasibətlərimizin üçtərəfli formatda inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur və əminik ki, bu xüsusda regionda yaranmış yeni fürsətlərin düzgün istifadəsi nəticəsində ciddi nailiyyətlər əldə olunacaqdır.

 

Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq ilə regionumuzun nəqliyyat və tranzit potensialının tam həcmdə reallaşdırılması həm öz dövlətlərimiz və xalqlarımız, həm də bütünlükdə geniş Avrasiya regionunda iqtisadi inkişaf və rifahın təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.  

 

Cari il ərzində Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmində 70% ətrafında artımın olması bu istiqamətin dövlətlərimiz üçün əlavə iqtisadi fayda gətirmək, habelə beynəlxalq nüfuzunu gücləndirmək baxımından əhəmiyyətini bariz şəkildə nümayiş etdirir. 

 

Ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, eyni zamanda tarif məsələlərini əlaqələndirməklə nizamlanması istiqamətində təsirli birgə tədbirlərin görülməsi önəm kəsb edir. 

 

Şərq-Qərb Trans-Xəzər nəqliyyat dəhlizi də daxil olmaqla, ölkələrin tranzit potensialının gücləndirilməsi üçün səylərin artırılması və Azərbaycan, Türkiyə və Türkmənistanın dəniz limanları arasında əməkdaşlığın təşviq edilməsi vacibdir.

 

Müasir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolu Asiya ilə Avropa arasında rəqabətli nəqliyyatın asanlaşdırılmasında əsas rolu oynayır. Nəqliyyatın asanlaşdırılması və tranziti yolu ilə ticarət əlaqələrinin inkişaf etdirilməsini hədəfləyən ölkələrimizin tərəf olduğu Lapis Lazuli layihəsinin də önəmi qeyd olunmalıdır. 

 

Bu baxımdan, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu, yalnız regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün deyil, həm də ümumilikdə ölkələrimizin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcəkdir.

 

Eyni zamanda, enerji təhlükəsizliyinin aktuallığının əhəmiyyətli dərəcədə artması dövlətlərimiz arasında bu sahədə də mövcud olan qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini nümayiş etdirir.

21 yanvar 2021-ci ildə Aşqabadda imzalanmış  “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və işlənməsi və mənimsənilməsi üzrə Anlaşma Memorandumu” karbohidrogen ehtiyatlarının inkişafı və tədarükü məqsədilə birgə layihələrin hazırlanması üçün yeni fürsətlər yaradır. Eyni zamanda, Türkmənistan qazının ölkəmizə svop tədarükü ilə bağlı 28 noyabr 2021-ci ildə əldə edilmiş razılaşmanı əməkdaşlığımızın daha bir qarşılıqlı faydalı nailiyyəti hesab etmək olar.

 

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsini nəzərdə tutan dövlətlərarası Saziş xüsusi əhəmiyyət kəsb edir. Avropa ilə Asiya arasında yüksək həcmli məlumatların ötürülməsinə imkan verəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasına istiqamətlənən bu layihənin tez bir zamanda həyata keçirilməsi önəmlidir.

 

Hörmətli həmkarlar,

 

Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatmasından 30 illik işğalın ağır nəticələrinin aradan qaldırılması və öz yurdlarından didərgin düşmüş vətəndaşlarımızın təhlükəsiz və ləyaqətli geri qayıdışının təmin edilməsi Azərbaycan üçün ən vacib prioritetdir.

 

Bu məqsədlə işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Əlamətdar haldır ki, bu il keçmiş məcburi köçkünlərin ilk qrupunun öz yurdlarına qayıtması artıq baş tutmuşdur. Bu 700 minə yaxın Azərbaycanlı məcburi köçkünü əhatə edəcək “Böyük Qayıdış” proqramının praktiki icrası istiqamətində ilk addımdır.

 

Ərazilərin minalar və digər partlayıcılarla çirkləndirilməsi bərpa və quruculuq işləri üçün ən ciddi əngəl təşkil edir. Ermənistan tərəfindən bütün mina sahələrinə dair tam və dəqiq məlumatların Azərbaycana verilməməsi, əksinə, ərazilərimizdə yeni minaların basdırılmasının davam etdirilməsi Ermənistanın sülhün təmin edilməsində maraqlı olmadığının əlavə sübutu kimi ciddi narahatlıq doğurur.

 

Azərbaycan Ermənistanla bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı olaraq tanınması və hörmət edilməsi əsasında ikitərəfli münasibətlər qurmaq, münaqişə səhifəsini qarşılıqlı faydalı əməkdaşlıq, normal qonşuluq münasibətləri ilə əvəz etmək niyyətində qətiyyətlidir.

 

Bu məqsədlə, iki ölkə arasında qarşılıqlı münasibətlərə dair müqavilənin mətni üzrə növbəti yenilənmiş təkliflər tərəfimizdən qarşı tərəfə təqdim edilib, yaxın həftələrdə iki ölkənin xarici işlər nazirləri arasında müzakirələr üçün növbəti görüşün keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın bu məsələdə də mövqeyi ardıcıl və prinsipialdır, beynəlxalq hüquqa və ədalətə əsaslanır.

 

Ümid edirik ki, tərəfimizdən sülh məqsədilə atılan addımlar nəhayət ki, Ermənistan tərəfindən zəruri siyasi iradə və praktiki fəaliyyətlə cavablandırılacaqdır. Normallaşma prosesinin məntiqi nəticəyə çatması üçün Ermənistan tərəfindən üzərinə götürülmüş öhdəliklərin təxirə salınmadan icra edilməsi, Azərbaycana qarşı əsassız ərazi iddialarına qətiyyətlə son qoyularaq, normal qonşuluq münasibətlərinin təsis edilməsi üçün əməli addımların atılması mühüm şərtdir.  

 

Hörmətli Nazirlər,

 

Geniş coğrafiyamızda baş verən mühüm dəyişikliklər və regionumuzun, eləcə də ümumilikdə türk coğrafiyasının əhəmiyyətinin artması fonunda, bir tərəfdən ortaya çıxan yeni çağırış və təhdidlərlə mübarizənin təşkili, digər tərəfdən isə xalqlarımızın və dövlətlərimizin mənafeləri naminə yeni fürsətlərdən səmərəli istifadə olunması məqsədilə birgə fəaliyyətimizin gücləndirilməsi olduqca vacibdir.

 

Əminəm ki, ölkələrimiz arasındakı hörmət və etimad ənənələrinə əsaslanan qardaşlıq və dostluq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq yüksələn xətt üzrə daha da inkişaf edəcək və daimi olacaqdır.

 

Diqqətinizə görə təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti