Azərbaycanın Zəfər Günü Bolqarıstanda qeyd edilib.
Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkədə 8 Noyabr - Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.
Bayram tədbirində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin canı və qanı hesabına əldə edilən şanlı Qələbəmizdən bəhs edən qısametrajlı sənədli filmlər və Azərbaycanın mədəniyyət beşiyi - Şuşa şəhərini əks etdirən sərgi nümayiş etdirilib. Tədbirdə bolqar sənətçiləri tərəfindən Azərbaycanın milli musiqisi, xalq mahnıları və rəqsləri ifa edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov xalqımızın qürur mənbəyi olan bu Qələbənin tarixinə nəzər salıb. Səfir qeyd edib ki, Ermənistanın davam edən siyasi və hərbi təxribatlarına cavab olaraq başladılmış əks-hücum əməliyyatı nəticəsində 44 gün ərzində ərazi bütövlüyümüz bərpa edilib, 30 illik işğala son qoyulub.
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın apardığı yenidənqurma tədbirləri barədə məlumat verən səfir, bu torpaqların əsl sahiblərinin kim olması ilə bağlı suala aydın cavab olduğunu diqqətə çatdırıb. Çıxışda, həmçinin Azərbaycanda mövcud olan zəngin multikultural dəyərlərə diqqət çəkilib, qələbənin Azərbaycanda sülh və qarşılıqlı hörmət şəraitində yaşayan, fərqli dinlərin və müxtəlif etnik qrupların nümayəndələrinin ortaq qələbəsi olduğu qeyd edilib.
Tədbirdə iştirak etmiş Bolqarıstan rəsmiləri, elm və mədəniyyət xadimləri, diplomatik korpusun təmsilçiləri, Azərbaycan diasporunun nümayəndələri və yerli sakinlər milli rəqslərimizi böyük maraq və rəğbətlə izləyiblər.