news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 noyabr 2024

Prezident Rumen Radevin rəhbərlik etdiyi Bolqarıstan nümayəndə heyəti Azərbaycana səfər edib

Noyabrın 11-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəhbərlik etdiyi Bolqarıstan nümayəndə heyətinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfəri başlayıb. 

Səfər çərçivəsində noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev arasında görüş keçirilib. 

Əvvəlcə Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” imzalanıb.

Görüşdə Prezident İlham Əliyev imzalanan sənədin əhəmiyyətini vurğulayəb, bunun əməkdaşlığımızın möhkəmlənməsi işinə verdiyi töhfəyə toxunub. Dövlət başçısı COP29-da iştirak etdiyinə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti bu tədbirin artıq səmərəli nəticələr verdiyini deyərək vurğulayıb ki, Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsi ilə bağlı 10 ildən çoxdur müzakirələrin aparılmasına və indiyədək irəliləyişlərin əldə edilməməsinə baxmayaraq, məhz COP29-da bununla əlaqədar müvafiq irəliləyişlərə nail olunub.

COP29-un əhəmiyyətinə toxunan Bolqarıstan Prezidenti bu tədbirin mükəmməl səviyyədə təşkil olunduğunu vurğulayaraq burada əldə edilən nəticələrin gələcək üçün böyük əhəmiyyət daşıyacağını qeyd edib. Rumen Radev ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb.

Görüşdə bərpaolunan enerji sahəsində yeni əməkdaşlıq layihələri müzakirə olunub, həmçinin COP29 çərçivəsində beynəlxalq maliyyə və bank təşkilatlarının yeni maliyyə hədəfi ilə bağlı verdiyi açıqlamaların ciddi ümidlər vəd etdiyi diqqətə çatdırılıb.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti